“Casus” pyesi Lənkəran teatrının səhnəsində

10 Mart 2023 23:33 (UTC+04:00)

Lənkəran Dövlət Dram Teatrında Milli Teatrımızın 150 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 10 Mart - Milli Teatr Günündə teatrda səhər saatlarından başlayaraq tamaşaçılar üçün “Açıq qapı günü" təşkil olunub. Teatrın baş inzibatçısı Namiq Ağayev foyedə nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verib. Teatrın direktoru səlahiyyətlərini icra edən İntiqam Hacılı kollektivin son dövrlərdə qazandığı yaradıcılıq nailiyyətlərindən və qarşıda duran vəzifələrdən söz açıb.

Daha sonra teatrın qrim, paltar, geyim otaqları və tamaşa zalı ilə tanışlıq olub.

Yazıçı-publisist Hafiz Mirzə çıxışı zamanı Lənkəran Dövlət Dram Teatrının önəmli sənət yolu keçdiyini, ölkənin teatr müəssisələri arasında aparıcı mövqe tutduğunu qeyd edərək, onun istedadlı kollektivinin ən mürəkkəb əsərlərin öhdəsindən gəlmək iqtidarında olduğunu vurğulayıb.

Teatrın aktyorlarından Şahrud Mehdiyeva və Əbülfəz Axundov tamaşaçıları maraqlandıran sualları cavablandırıblar.

Daha sonra Xalq yazıçısı Kamal Abdullanın “Casus” pyesi əsasında hazırlanmış tamaşa nümayiş etdirilib. Rejissor Anar Babalının quruluş verdiyi səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Əlibala Əsgərov, Qızıgül Quliyeva, Allahverən Babayev və digərləri ifa ediblər.