İnsanları aldatmaq, onlardan istifadə etmək və ya şəxsi məlumatlarını oğurlamaq üçün internet xidmətlərindən istifadə internet fırıldaqlığı adlanır. Bunlardan biri də “İnstpower” piramidasıdır. Belə ki, Azərbaycanda məşhurlaşan bu piramidanın fəaliyyətini dayandırdığı bildirilir. Piramidanın adminlərinin sistemi söndürdüyü deyilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, şişirdilmiş vədlərə aldanmış minlərlə vətəndaş sistemə yatırdığı pulunu geri ala bilmədiyini söyləyir.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
"İnstpower"in adminləri məlumat yayıblar ki, sistem bağlanmayıb, sadəcə "investorların" hesablarına pulun köçürülməsində problem yaranıb. Həmçinin məlumat yayıblar ki, serverlər yeniləndiyindən və vergi problemlərinə görə "İnstpower" işləmir.
Aldandıqlarını indi başa düşən vətəndaşlar hələ də "problemin" həll ediləcəyini ümid edirlər.
"İnstpower" piramidası Azərbaycanda çox məşhurlaşmışdı. Bu piramidaya görə, "İnstpower" adlı şirkət cəlb etdiyi yatırımları "Power bank" istehsalı və "paylaşılması" biznesinə yönəldir və əldə etdiyi gəlirdən "sərmayəçilərə" mənfəət ödəyir. Bir müddət əvvəl bildirilirdi ki, "İnstpower" pramidası artıq "doyub", ən qısa müddətdə piramidanın adminləri sistemi söndürərək "qeybə çəkiləcəklər".
Piramida mexanizminə görə, layihəyə yeni qoşulanlardan əldə edilən pul əvvəl qoşulanlara qazanc olaraq ödənilir və məlumatsız insanlar şirnikləndirilir. Eyni zamanda, maliyyə piramidası fırıldaqçısının (bunlara sistemin adminləri deyilir) balansında da vəsait yığılır. Balansa yığılan vəsait hədəflənmiş səviyyəyə çatdıqdan sonra piramidanın admini sistemi söndürür və qazananlardan çox itirənlər olur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev: “Daxil olmuş müraciətlər üzrə maliyyə piramidası adı altında fırıldaqçılıq edən şəxslər və onların dairəsi ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcəkdir”.
Media eksperti Azər Həsrət: “Bu onlayn fırıldaqçılığın qurbanlarından biri də elə mənim özüməm. Bu yaxınlarda, konkret olaraq keçən həftə mənim “Facebook” hesabım ələ keçirilib və o “Facebook” hesabı dağıdılıb. Təəssüflər olsun ki, orada qeydiyyatda olan debit kartımdan 400 manat pul da oğurlanıb. Mən bununla bağlı bir neçə gün öncə artıq banka da müraciət etmişəm və ümid edirəm ki, pulun geri qaytarılması mümkün olacaq. Hər halda buna cəhd edirik. Sözümün canı odur ki, onlayn fırıldaqçılıq ümumiyyətlə günümüzün bəlasına çevrilib, hətta ən ciddi şəkildə qorunan yaxud qorunmağı bacaran insanlar belə bank fırıldaqçılığının qurbanı olurlar. Yəni, mənim uzun illərdir internetdə, xüsusən də sosial media şəbəkələrində fəaliyyətim dövründə heç vaxt bir qəpik olsun pulumun oğurlandığı hal olmamışdı. Bütün mümkün vasitələrlə özümü bu cür əməllərdən qoruya bilirdim. Amma ötən həftə “Facebook”hesabımın ələ keçirilməsi gətirib ona gətirib çıxardı ki, bir balaca sayıqlığı itirdim. Əslinə qalanda özüm məsuliyyətsizlik etdim. Çünki hesab ələ keçirildikdən sonra orada qeydiyyatda olan kartımı ya bloklamalı idim ya da başqa tədbir görməli idim. Amma təəssüflər olsun ki, bu məsələdə biraz gecikdim və gecikdiyimə görə də artıq 400 manat məbləğində vəsaitin çıxarıldığını gördüm. Çıxarıldığı deyəndə “Facebook” üzərindən ödəmə edilib.
Əlbəttə ki bu cür halların qarşısının alınmasında müvafiq alətlərdən istifadə etmək yerinə düşərdi. Amma alətlər yetərli deyil, həm də müvafiq dövlət qurumlarının bu məsələlərdə istifadəçilərə yardımçı olması vacibdir. Çünki hamı bu texnologiyaları yetərincə bilmir, bilmədiyinə görə də onlayn fırıldaqçılığın qurbanı olur, yaxud da ki bilənlər də lap elə mənim kimi bilsək belə bir qədər məsuliyyətsizlik edəndə yenə də onlayn fırıldaqçılığın qurbanı oluruq və nəticədə pullarımız əldən gedir. O baxımdan maarifləndirmə işinin bir az daha geniş aparılması, eyni zamanda da onlayn ödəmələrlə bağlı diqqətli olmaq mənə elə gəlir ki, daha vacibdir”.
SMM Manager (Sosial Media Marketing Mütəxəssisi) Murad Yazimov: “”İnstpower dələduzluğu əslində, beynəlxalq “instpower” şirkətinin adından istifadə edən və onların adı altında gizlənən bir piramida sistemidir. Hətta o şirkətlərin ofislərini öz ofisləri kimi qələmə verərək insanları ofisləri, filialları olduğlarına inandırmışdılar.
İndiki zamanda bu kimi piramidalar həddindən artıq çoxdur. Bunlara ən böyük nümunəni ötən illərdə Türkiyədə olan “Çiftlik Bankası”nı göstərmək olar. Amma “instpower”in daha uzun ömürlü getməsi və daha cox insan cəlb etməyi onun biraz daha yaxşı və hiyləgər qurulmasına görə idi. Belə ki, piramidalara əsasən pul qoyulur və ay sonu gələndə də pul əldə olunur. “İnstpower” isə insanlara bu pulu gündəlik olaraa geri qaytarırdı. Yəni bu gün qoşulan artıq sabah balansında o pulu görürdü. Bu da ona güvən verirdi. Bunu görən insanlar o pulu çəkmirdi hesabda saxlayıb yenidən ora yatırım edirdilər və bunun daha da böyüməsi üçün dost- tanışlarını bu piramidaya salan insanlara onlar üzərindən əlavə faiz vəd edirdilər. Beləliklə, piramida daha sürətlə böyüyür və gəliri görən insanlar daha böyük yatırımlar edirdilər. Təbii ki nə qədər böyük olursa olsun, batması da bir o qədər yaxındır. Çünki bu sistemi quranların əsas məqsədi də odur ki, dövriyə edən insanların yatırım etdikləri pullar böyüsün və istədikləri rəqəmə çatdıqda pulları götürüb piramidanı çökdürsünlər.
Burada qazanmaq mümkündür? Qazanan oldu? Bəli, qazanmaq olur. Piramida sistemində hər zaman ilk başda qatılanlar qazanır. Çünki onlar sonradan gələcək olan insanların pulları üzərindən ödəniş alır. Amma bunun daimi olmayacağını bilib vaxtında tərk etsələr, və ya əlavə yatırım etməsələr onda qazana bilərlər. Ama təbii ki, heç kim bunun nə vaxt olacağını dəqiq bilə bilmez. Artıq sonradan qoşulanların pul qazanmaqları üçün isə onların ardı ilə yeni insanlar gəlməlidir və insanlar artdıqca geri verilməli olan pullar da artır. Onun üçün artıq say çoxaldığda piramidanın çökməsi qaçınılmaz olur. Çünki bunu quranların bu qədər insana gündəlik o pulları geri ödəmək kimi bir məqsədi yoxdur. Başda qoşulan pulu alır və proqramı insanlara yayır. Belə-belə ona pul gəlir. Amma sonradan qoşulanlara gəlib gəlmiyəcəyi ona marağlı olmur. Ən çox ziyan isə ortada və sonda qoşulanlara dəyir.
İtirilən pulların geri qaytarılması real deyil. Çünki insanlar bu pulları öz razılıqları ilə bura qoyur. Həm də bu sistemin arxasında kimin olması ilə bağlı heç bir dəqiq məlumat da yoxdur. Onlar pulları götürüb qeyb olurlar. Çünki həm də burada rəsmi sənəd və sözləşmə də olmur. Yəni, əllə tutula biləcək nəysə yoxdur.
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov: “Hazırda məşhurlaşmış fırıldaqçılıq üsullarından biri də “İnstPower”dir. Bu piramidaya görə, “İnstower” adlı şirkət cəlb etdiyi yatırımları “Power bank” istehsalı və “paylaşılması” biznesinə yönəldir və əldə etdiyi gəlirdən “sərmayəçilərə” mənfəət ödəyir.
Maliyyə piramidası iştirakçılarını daim yeni maliyyə mənbələrinə cəlb edərək mənfəət əldə etmək üçün bir yoldur. Əsas iş prinsipi daha çox insanın bura cəlb olunmasıdır. İlk dəfə qoşulanlara qoyduqları pulun qarşılığında faizlər ödənilir. Belə şirkətlər əgər sizdən kimisə - qohumu, tanışı, dostu gətirməyi tələb edirsə, başqalarını gətirməklə daha çox qazanc vəd edirsə, deməli, bu, piramida sistemidir. Yəni siz oraya özünüzlə bərabər, başqalarını da cəlb edəndə daha çox qazanc əldə edirsiniz. Yaxud da yeni gələn adamların pulları yığılır və köhnə istifadəçilərə təqdim olunur. İlk qoşulanlar nəsə gəlir əldə etsələr də, sonradan onlara qoşulanlar heç nə əldə etmirlər. İnsanlar axın etdikcə maliyyə kütləsi böyüyür.
Vətəndaşların pullarını mənimsəyən şirkətin əməkdaşları onlardan şikayət edildiyini anladıqda yoxa çıxıblar. Aldadılmış şəxslər ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”.
Ayşən Vəli