"Artıq 2022-2023-cü ildə təhsil alan şagirdlərimiz 11-ci sinif bazasından mart ayının 5-də birinci imtahan verdilər. Bu 5 martdakı imtahan qəbul imtahanının həm də birinci mərhələsi hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, bu imtahan nəticələrindən şagirdlər 5-ci ixtisas qrupunda ali təhsil müəssisələrinə qəbul ola bilərlər: "Eyni zamanda, 11-ci sinif bazasından kolleclərə qəbul ola bilərlər. Yəni, kifayət qədər ciddi bir imtahandır.
Etiraf edək ki, 5 martdakı imtahan sualları müəyyən qədər şagirdlər arasında çaşqınlıq yaratdı, xüsusən Riyaziyyat fənni ilə bağlı sual ciddi müzakirələrə səbəb oldu. Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi hər zaman biliyi qiymətləndirmə prinsipini əsas götürür və 12 martda keçirilən imtahanlarda şagirdlərə təqdim edilən suallar onların orta ümumtəhsil məktəblərində əldə etdikləri bilik- bacarıqlara birmənalı şəkildə uyğun olmalıdır. Çünki biz zaman-zaman görə bilirik ki, şagirdlər tərəfindən bu sualların cavablandırılmasında müəyyən problemlər ortaya çıxır. Onlar bu suallara cavab verməkdə çətinlik çəkirlər. Çünki qısa müddət ərzində bu qədər test tapşırığının cavablandırılması ilə bağlı problem yaşayırlar".
Kamran Əsədov sözlərinə belə davam edib: "Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq imtahan suallarının təhlilini həyata keçirsə də, bu test tapşırıqları ictimaiyyətə açıq olaraq elan edilməlidir. Şagirdlərin imtahana qədər fənlər üzrə diqqət etməli olduğu bir neçə məqamlar var. Çünki şagirdlər bir çox hallarda imtahan prosesi ilə bağlı bir sıra məqamları unudurlar. Xüsusən ən vacib məqamlardan biri imtahan binasına gələrkən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi ilə bağlıdır. Yaxşı olar ki, imtahandan əvvəl onlar sənədlərini hazırlasınlar. Yəni, imtahana buraxılış vərəqəsini, şəxsiyyət vəsiqəsini artıq yoxlasınlar və evdə təhlükəsiz yerə qoysunlar, eyni zamanda tünd-göy diyircəkli qələmi mütləq özləri ilə aparmalıdırlar, bəzən bunu unudurlar. İmtahan binasına gecikməməlidirlər və çox təəssüflər olsun ki, imtahan binasına bəzən mobil telefonla girirlər. Bu da onların imtahan nəticələrinin ləğvinə gətirib çıxara bilən ciddi qanun pozuntusudur.
Müəyyən olunmuş vaxt ərzində sualları cavablandırmaq lazımdır. Xüsusən Azərbaycan dili fənnindən mətn üzrə tapşırıqları diqqətlə oxumalıdırlar ki, biz bu problemləri görürük. Mətn tipli test tapşırıqları çətin tapşırıqlar hesab olunur. Eyni zamanda Azərbaycan dili fənnindən yazı işi tapşırıqlarını yazmamışdan qabaq diqqətlə oxumalıdırlar. Bəzən şərtləri oxumurlar, məsələn tapşırıqda müəyyən sayda cümlələr olur, amma o cümlələri yazmırlar. Tələb olunur ki burada bir neçə cümlə yazılmalıdır. Amma ondan azını yazırlar və bu da qiymətləndirmə zamanı onlara problem olur.
Xarici dil və Riyaziyyatla bağlı problem var. Çox təəssüflər olsun ki, şagirdlər şərtləri oxumurlar. Misal üçün tapşırığın şərhində cavabın əsaslandırılması tələb olunursa, bu mütləq əsaslandırılmalıdır. Amma yazmırlar, yarıya qədər yazıb imtina edirlər. Məsələn, Riyaziyyat fənnindən ehtimala aid sadə tapşırıqlar var. Hər zaman onlar hesablamalıdırlar və izahatını yazmalıdırlar ki, onu yaza bilmirlər.
Ümumilikdə, məzmun baxımından çətin suallar olmur. Amma uşaqların ilk imtahanı olduğuna görə müəyyən qədər çətinlik çəkirlər. Məsələn, İngilis dili fənnindən mətnə aid tapşırıqları cavablandırmamışdan əvvəl mətni oxumalı və sonra diqqətlə iki dəfə dinləməlidirlərə. Çünki onlara iki dəfə şans verilir.
Mən deyərdim ki, buraxılış imtahanı sadə imtahandır və 12 martdakı imtahandan da çətin suallar gözləmirəm".
Ayşən Vəli