...Çünki mavi yolçuluq sayəsində Türkiyənin Aralıq dənizi və Egey sahilləri daha yaxşı tanınsa da Qara dəniz o qədər də tanınmır. Ona görə də biz fərqli bir marşrutla getmək istədik. Qara dəniz Ukrayna, Rusiya, Gürcüstan, Türkiyə, Bolqarıstan və Rumıniya ilə əhatə olunub. Min illər bundan əvvəl Qara dəniz böyük bir göl idi. İstanbul Boğazının əmələ gəlməsi ilə qapalı göl olmaqdan çıxaraq dənizə çevrilir.
Qara dəniz çılğın və bir qədər də gözlənilməz dənizdir. İki min il əvvəl Roma filosofu Yaşlı Plini bu dənizin “qonaq sevməyən” adlandırıldığını deyirdi. Həqiqətən də Qara dəniz fırtınaların və güclü dalğaların əskik olmadığı bir dənizdir, həmçinin sığınacaq təbii limanları da yoxdur. Qara dəniz, Egey və Aralıq dənizinin sakit və köpüklü sularından çıxan yunan dənizçiləri üçün təhlükələr və qeyri-müəyyənliklərlə doludur.
Uzun illərdən bəri məskunlaşmış yerli əhalidən başqa heç kim Qara dənizdə üzməyə cürət etmir. Gəmi tikintisində istifadə olunan materiallar və texnika təkmilləşdikcə daha güclü gəmilər hazırlanmağa başlanır. Bu təkmilləşmədən sonra Qara dənizin insan boyundan da yüksək dalğaları artıq yunan dənizçilərini qorxutmadı. Onlar Qara dənizi təhlükəsiz dəniz kimi görməyə başladılar. Hətta “qonaq sevməyən” mənasını verən adını “qonaq sevən dəniz” kimi dəyişdirdilər. Beləliklə, gəmilər hər zaman sərvətlərilə zəngin bir dəniz kimi təsvir edilən, lakin əlçatmaz olan Qara dənizə doğru yola düşürlər.
Qara dəniz həm də geosiyasi mövqeyinə görə də diqqət çəkir, lakin əslində ellenləri bu bölgəyə çəkən bir əfsanə var.
“Qızıl dəri” kimi tanınan əfsanəyə görə, bölgə qızıl mədənləri ilə o qədər zəngindir ki, hətta buradakı çaylardan belə qızıl axır. Qızılı əldə etmək və zəngin olmaq isə hər yaşda insan üçün cəlbedicidir.
Ellinizm dövründə də bu fikir dəyişmədi və Qara dənizin sərvətlərini antik dünyaya daşımaq üçün müstəmləkə şəhərləri quruldu. Beləliklə, Qara dəniz Aralıq dənizindən sonra ikinci mühüm mərkəzə çevrilərək qədim dünyanın ayrılmaz hissəsinə çevrilir.
Hava açıq, səmada bulud yox, xəfif külək əsir və biz indi sakit dənizdə üzürük. Qara dənizin sərt sularından qorxmaq lazım deyil.
Narahat olmayın, biz bələdçiliyimiz davam etdirəcəyik və sahildən çox da uzağa getməyəcəyik. Həmişə sahilə yaxın üzəcəyik...
Qara dəniz bölgəsi qədim zamanlardan insanların məskunlaşdığı bir bölgə olub. Çünki su ehtiyatları baxımından çox zəngindir və ov heyvanları çoxdur. Yəni biz insanlar üçün həyati əhəmiyyət kəsb edən su və qida burada çox rahatlıqla tapılır. Dünyanın yaranışından həmişə belə olub ki, yaşamaq üçün ən uyğun yerlər çaylar, göllər və ya dəniz sahilləridir.
Bundan əlavə, Qara dənizin mühüm ticarət yolları üzərində olması, qiymətli mineral ehtiyatları və meşələri buranı hər zaman cazibə mərkəzinə çevirir.
Qara dəniz dağları, meşələri və yaylaqları ilə məşhurdur. Dağların dənizdən dik qalxması sahildə çox məskunlaşmağa imkan vermir. Sahilə tərəf baxın və onu asanlıqla görərsiniz. İnsanlar qədim zamanlarda çayların əmələ gətirdiyi delta ərazilərində məskunlaşıblar. Coğrafiyanın bu sərt təbiətinə görə arxeoloji tədqiqatlar çox məhdud ərazidə aparılır.
Bununla belə, Qara dəniz bölgəsində bu günə qədər davam edən bir çox maraqlı quruluş var. Trabzonda coğrafi şərtlərə sanki meydan oxuyaraq inşa edilən möhtəşəm Sümela monastırı, 2700 il əvvələ aid Sinop qalası, Rizədəki kiçik ada üzərində tikilmiş Qız qalası... Bu sadaladıqlarım sizi Qara dənizdə aparacağım yerlərdən bəziləridir. Təbii ki, biz təkcə tarixi və arxeoloji yerləri ziyarət etməyəcəyik, gəmimizi sahildə lövbərləyib yamyaşıl yaylaqlara qalxacaq, əsrarəngiz meşələrdə gəzintiyə çıxacaq və dünyanın ən sürətli axan çaylarından biri olan Çoruh çayında raftinqdə iştirak edəcəyik. Qara dəniz bölgəsində görüləcək o qədər yer var ki, inanın, bu günə qədər niyə bu bölgəyə gəlmədiyinizi soruşacaqsınız.
Baxın, Qara dənizə xas balıqçı qayıqlarını, “botları” görməyə başladıq...
Botlar qırmızı, yaşil, mavi renglərdə olan kiçik, ləng hərəkət edən, lakin təhlükəsiz, yüksək yükləmə qabiliyyəti olan qayıqlardır. Gəlin bir bota yaxınlaşıb onun kapitanından Qara dəniz haqqında soruşaq. Görək bizə nə deyəcək. Onunla söhbət edərkən nəzərinizə çatdıraq ki, gələn həftə eyni gün və eyni saatda burada görüşəcəyik.