"Gimnastika Federasiyası yeniliklərlə diqqət çəkir" - QURUM RƏSMİSİ AÇIQLADI

9 Mart 2023 14:43 (UTC+04:00)

"Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşma və bu istiqamətdə aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir". Bu sözləri SİA-ya açıqlamasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib.

İdarə rəisi bildirib ki, ölkədə idman və Olimpiya Hərəkatının inkişafı, idmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları uğurlar, paytaxtımızda keçirilən irimiqyaslı yarışlara uğurlu ev sahibliyi Azərbaycan idmanının dünyadakı nüfuzunu daha da artırıb: "İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində genofondumuz qorunur, insanlar asudə vaxtlarını səmərəli keçirirlər.

Azərbaycanda fəaliyyət göstərən idman federasiyaları arasında Azərbaycan Gimnastika Federasiyası özünün səmərəli, işgüzar fəaliyyəti və yenilikləri ilə diqqət çəkir. Bu il martın 9-dan Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarına start verilir. Yarışlarda rekord sayda - 48 ölkədən 173 idmançı iştirak edəcək. Turnirdə ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyacaqlar. Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq. Həmçinin qeyd etmək istəyirəm ki, 2023-cü ilin aprel ayında isə paytaxtımız bədii gimnastika üzrə daha bir Beynəlxalq yarışa ev sahibliyi edəcək. Dünyanın ən güclü bədii gimnastları ölkəmizdə təşkil olunacaq Dünya kubokunda bir araya gələcəklər.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi 3-cü beynəlxalq yarışdır. Bu yarışda 46 ölkədən idmançıların qatılması gözlənilir. 3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Qeyd edim ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 10-cu Dünya kuboku olacaq.
Əminəm ki, yığmamızın əsas uğurları hələ irəlidədir. Bizdə potensial var və biz hamımız ölkəmizin idman ictimaiyyətinin dəstəyini hiss edirik. İdmançılarımıza bu yarışlarda uğurlar, yüksək nailiyyətlər və qələbələr arzulayırıq".