Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və İmişli Gənclər Uşaq İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili”nə həsr olunan, 6 mart 2023-cü ildə start verilən 2009-2014-cü il təvəllüdlü İmişli rayon məktəbliləri arasında keçirilən şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA xəbər verir ki, İmişli rayon Şahmat məktəbində keçirilən tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “6 nömrəli Magistral Yolların İstismarı” MMC-nin direktor müavini, YAP fəalı Elşad Astanov, İmişli Gənclər Uşaq İdman Şahmat məktəbinin müəllim heyəti, valideynlər və şagirdlər iştirak edib.
İlk öncə Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev ümumxalq sevgisini öz müdrikliyi, gördüyü misilsiz işlər və əvəzsiz xidmətləri ilə qazanmış və fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq etmişdir. Ulu öndərin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən danışan Səfa Ağayev qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövründə müstəqil Azərbaycan həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınmışdır.
Çıxış edən İmişli Gənclər Uşaq İdman Şahmat məktəbinin direktoru Aqşin Mürsəlov qeyd edib ki, Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaət sayəsində ərazi bütövlüyümüz bərpa olunub, Qarabağ həsrətinə son qoyulub.
Digər çıxış edənlər çağdaş dövrümüzdə Ümummilli Liderimizin layiqli siyasi varisi olan cənab Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi idman və bədən tərbiyəsinin inkişafı sahəsində də kompleks tədbirlərin həyata keçirilməsini daim diqqətdə saxlamasını xüsusi vurğulayıblar.
Sonda Şahmat turnirində qalib gələn şagirdlərə diplom və medallar təqdim edilib.