"Bu gün bozayının üçüncü çərşənbəsi olan yel çərşənbəsidir. Artıq çərşənbələr öz təslimatını verir, bayramın astanasına bir addımın qaldığını ifadə edir. Yel çərşənbəsi təbiətin dirçəlişi ilə bizə Novruz bayramının yaxınlaşmasını xəbər verir. Yel çərşənbəsi qədim dövrlərdən bugünümüzə qədər xalqımızın qeyd etdiyi və mifoloji inama görə suyu, odu və torpağı tərpədərək, onlara can verir. Torpağın həyata qayıtdıqdan sonra formalaşa biləcəyinə istiqamətlənir". Bu sözləri SİA-ya açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA Folklor İnstitunun aparıcı elmi işçisi İlhamə Qəsəbova bildirib.
Onun sözlərinə görə, bu çərşənbənin funksiyalarından biri həyatı formalaşdırmaqdır: "Təbiətin oyanışı üçün hava, su və nəfəs lazımdır. Bu nəfəs isə özünü yel ilə göstərir. Yel çərşənbəsi bəzi bölgələrdə küləkli, yelli, bəzən isə qara, ölü çərşənbə kimi də adlandırılır. Hətta bəzi bölgələrdə bu çərşənbə torpaq çərşənbəsi kimi də adlandırılır.
Yel ilə bağlı günümüzdə də işlətdiyimiz bir çox deyimlər, atalar sözləri mövcuddur. Bu deyimlər istər müsbət, istərsə də mənfi baxımdan yelin xüsusiyyətlərini özündə əks etdirir.
Yel çərşənbəsi ilə bağlı qədim zamanlarda həyata keçirilən, lakin hazırda unudulmuş bəzi adətər də var. Qədim zamanlarda bu çərşənbədə təmizlik edər, yorğan-döşəyi, xalçanı yelə verərdilər ki, yel mənfi auranı aparsın. Ümumilikdə isə bütün çərşənbələr kimi yel çərşənbəsi ilə bağlı da bir çox adət-ənənələrimiz aşınaraq, dövrümüzdə daha fərqli formalarda təzahür edir".