Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub. Odur ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanır.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir.
Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Müstəqil Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Bu mənada dövlət başçısı İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan etməsi haqqındakı tarixi Sərəncamı çoxəsrlik Azərbaycan tarixində xüsusi yeri olan Heydər Əliyev fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaqdır.
Sərəncamda da vurğulandığı kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai münasibətlərin xarakterinin dəyişməsi, hüquqi dövlət quruculuğu həуаtımızın bütün sahələrində olduğu kimi, hüquqi sahədə də demokratik islahatların həyata keçirilməsini zəruri etmişdir.
Ümummilli liderin Azərbaycanda rəhbərliyə gəlişi, eyni zamanda cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş, cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi düşüncə tərzinin, hüquqi mədəniyyətin, ümumilikdə, hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələsi başlanmışdır.
Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə, Azərbaycanda hüquqi islahatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açmışdır. Böyük strateqin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdr. Məhz bu humanizmin nəticəsidir ki, respublikamızda əfv fərmanlarının imzalanması, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Heydər Əliyevin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur.
Ümummilli lider Heydər Əliyevin ölkədə demokratiyanın inkişafı baxımından ən böyük xidmətlərindən biri də məhkəmə orqanlarının müstəqilliyinin təmin edilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsidir. Ulu öndərin 1998-ci il 1 dekabr tarixdə imzaladığı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsi barədə fərmanı respublikamızda yeni məhkəmə sisteminin formalaşmasına mühüm töhfə olmuşdur.
28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbulu da respublikamızda insan hüquq və azadlıqlarının etibarlı təminatına xidmət etmişdir.
Uğurla həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində ölkəmizdə qısa müddət ərzində demokratik prinsiplərə və beynəlxalq tələblərə uyğun mütərəqqi qanun və məcəllələr qəbul edilmiş, əvvəlkindən köklü surətdə fərqlənən məhkəmə sistemi yaradılmışdır.
İslahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər görülmüş, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyulmuş, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir.
Birbaşa demokratiyanın ən uğurlu modellerinden olan yerli özünüidarəetmə institutunun formalaşmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikamızın tarixində ilk dəfə olaraq 1999-cu ildə bələdiyyə seçkiləri keçirilmişdir. Yerli özünüidarə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkil edilməsinə köməklik göstərilməsi məqsədilə ümummilli liderimizin Sərəncamı ilə Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılmış, bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi nazirliyə həvalə edilmişdir.
Heydər Əliyevin hakimiyyəti illərində vətəndaş cəmiyyəti quruculuğu sahəsində də mütərəqqi dövlət siyasəti formalaşmış, siyasi partiyaların və qeyri-kommersiya qurumlarının sərbəst və maneəsiz fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Müasir cəmiyyətin mühüm atributlarından biri olan qeyri-hökumət təşkilatlarının inkişafında, onların ictimai həyatda rolunun güclənməsində mühüm irəliləyişlər baş vermişdir. Qeyri-hökumət təşkilatları haqqında Qanun qəbul edilmiş, qeydiyyatı Ədliyyə Nazirliyində həyata keçirilən qeyri-kommersiya hüquqi şəxsləri ilə sıx əməkdaşlıq yaradılmış, bu sahədə, eləcə də, mətbu nəşrlərin uçotu ilə bağlı nazirliyin üzərinə mühüm vəzifələr qoyulmuşdur.
Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur.
Qeyd olunmalıdır ki, məhz ümummilli liderimizin başladığı islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmiş, onun təməlini qoyduğu hüquqi islahatlar bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin təməlini qoyduğu güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Bütün bunlar bir daha onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və Ulu Öndərimizin yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparacaq.
Taleh Quliyev,
Lənkəran Regional Ədliyyə İdarəsinin
rəisi ədliyyə müşaviri