Dövlətin inkişafında, tərəqqisində regionların sosial-iqtisadi inkişafının rolu və yeri danılmazdır. Bununla yanaşı nəzərə almaq lazımdır ki, regionların sosial-iqtisadi inkişafı da məhz dövlətin sosial-iqtisadi siyasətindən bilavasitə asılıdır. Bir sözlə, dövləti sosial-iqtisadi siyasəti birbaşa olaraq regionların inkişafına, ələlxüsus sosial-iqtisadi inkişafına əsaslı zəmin yaradır.
Sözsüz ki, regionların sosial-iqtisadi inkişafında makroiqtisadi şərait, rayonun sosial əmək bölgüsündə tutduğu mövqe, sahə strukturu, coğrafi mövqeyi, təbii ehtiyatları böyük rol oynayır. Sadə dillə desək, hər bir rayon özünə məxsus təbii ehtiyatlara, coğrafi mövqeyə malikdir və bu ehtiyatlar da, coğrafi mövqe də məhz həmin rayonun iqtisadi inkişafı üçün əsas şərt hesab olunur. Ələlxüsus kənd təsərrüfatı sahəsində biz bunun əyani şahidi oluruq. Beləki, heyvandarlıq, quşçuluq, əkinçilik, bitgiçilik, meyvəçilik və digər sahələr üzrə rayonların hər birinin yeri və rolu fərqlidir. Daha dəqiq desək, elə rayonlar vardır ki, coğrafi mövqeyinə görə daha çox əkinçilik üçün, elə rayonlar da vardır ki, məsələn, heyvandarlıq üçün daha əlverişli imkanlara malikdirlər. Bütün bunların nəzərə alınması nəticə etibarı ilə məhsuldarlığın artmasına gətirib çıxaran məqamdır və ölkəmiz bütün bunlar nəzərə alınmaqdadır. Ümumiyyətlə, dövlətimizin apardığı islahatlar da məhz bu məqamlar nəzərə alınaraq aparılıq və bu baxımdan müsbət nəticələrin alınması heç də təsadüfi deyil.
Sözsüz ki, regionların sosial-iqtisadi inkişafında dövlət dəstəyinin əsaslı rolu vardır və məhz buna görə də dövlətimiz hər il davamlı olaraq öz dəstəyini, maliyyə vəsaitlərinin ayrılmasını reallaşdırır. Məsələn, gələn ilin dövlət büdcəsindən rayonlara ümumilikdə 12 milyon 306 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Sözsüz ki, bu vəsaitlərin ayrılması məhsuldarlığın, məşğulluq səviyyəsinin artmasına əsaslı zəmin yaradır və əminik ki, bunun da arzuolunan müsbət nəticəsini hər il olduğu kimi, cari ilin sonunda, yekunlarında da görəcəyik.
Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, artıq bir çox rayonlarımız dövlət dəstəyi olmadan özünümaliyyələşdirmə, yerli gəlirlər hesabına öz xərclərini təmin edə bilirlər və çox sevindirici haldır. Daha dəqiq desək, bu, artıq sosial-iqtisadi siyasətin və inkişafın gözlənilən müsbət nəticəsidir. Ekspertlərin fikrinə görə, özü-özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırlması deməkdir və bunun nə qədər əhəmiyyətli olduğunu hər kəsə bəllidir. Sevindirici haldır ki, bu il dövlət tərəfindən maliyyələşdiriləcək rayonların bir neçəsi də, daha dəqiq desək, altısı artıq gələn ildən özü-özünü maliyyələdirəcək. Bax elə iqtisadi inkişaf da məhz bu deməkdir və belə bir tendensiya inkişaf səviyyəsinin yüksək olmasından xəbər verir.
Bu il regionların sosial-iqtisadi inkişafında dövlət dəstəyi daha çox işğaldan azad olunmuş rayonların payına düşür. Bu da sözün əsl mənasında məntiqidir. Əvvəla ona görə ki, işğalçılar tərəfindən dağıdılmış, viran qoyulmuş həmin rayonların dirçəldilməsi lazımdır, labüddür və bu zaman bütün infrastruktur layihələri də reallaşdırılmalıdır. Bu istiqamətdə dövlətimiz tərəfindən görülən işlər də göz qabağındadır. Müxtəlif obyektlərin tikilib istifadəyə verilməsi, yenilərinin də təməlinin qoyulması ilə yanaşı, yeni avtomibil magistrallarının, dəmir yollarının, hətta beynəlxalq səviyyəli hava limanlarının istifadəyə verilməsi, yenilərinin də inşası deyilənləri təsdiq edir. İnfrastrukturun yaxşılaşdırılması isə öz növbəsində məşğulluq, iqtisadi əlaqələr, nəticədə də iqtisadiyyatın inkişafına öz töhvələrini verməkdədir. Sözsüz ki, infrastuktur layihələrinin gerçəkləşməsi, regionda infrastrukturun olması həm daxili imkanların səfərbər edilməsi üçün, həm də xarici sərmayələrin cəlb edilməsi baxımından olduqca vacibdir. Çünki istənilən sahədə və istənilən istiqamətdə işgüzarlıq baxımından infrastrukturun olması sərmayədarlar üçün ilkin şərtlərdən hesab olunmaqdadır.
İşğaldan azad edilmiş ərazilər hazırda inkişaf baxımından diqqət cəlb etməyə bilməz. Həmin ərazilərdə quruculuq-abadlıq işlərinin görüldüyünü təkcə biz yox, bütün dünya müşahidə edir və hətta həmin işlərin intensiv aparıldığını etiraf da edir. Biz bu etirafın dəfələrlə şahidi olmuşuq. Şahidi olmuşuq ki, beynəlxalq ictimaiyyət dövlətimizin ən qısa zamanda xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə, rayon və şəhərlərimizdə başa çatdırdığı işləri, quruculuq işlərini yüksək qiymətləndirir. Ələlxüsus ona görə yüksək qiymətləndirir ki, Azərbaycan bu işləri heç bir yardım və dəstək olmadan, öz gücü, yalnız öz imkanları hesabına görür və bu fakt özü də ölkəmizin, eləcə də regionlarımızın iqtisadi inkişafından xəbər verir. Çünki müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparırsa, bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidirsə, deməli, ölkəmizin iqtisadi inkişafı təkzibedilməzdir.
Heç şübhəsiz ki, işğaldan azad edilən həmin ərazilərdə aparılan abadlıq-quruculuq işləri hesabına regionların inkişafı özünün yeni yüksəliş mərhələsinə qədəm qoyub və daha intensiz inkişafa zəmin yaranıb. Ona görə ki, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərin yenidən qurulması ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yeni təkan deməkdir. Yenidənqurma işləri çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından geniş istifadə edilməsi iqtisadi inkişafı əhəmiyyətli dərəcədə artırır və sürətləndirir. Turizm və sənaye müəssisələri tikilməsi isə isə onu deməyə əsas verir ki, həmin regionlar artıq daha sürətli inkişaf mərhələsindədir.
Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin ardınca bərpa-quruculuq işlərinin həyata keçirilməsi ölkəmiz üçün, onun sosial-iqtisadi inkişadı üçün yeni imkanlar yaradıb. Məsələ burasındadır ki, ərazilərimizin işğaldan azad edilməsi, bərpası, oradakı quruculuq-abadlıq işləri yalnız Azərbaycanın deyil, eləcə də regionun iqtisadiyyatı üçün mühüm hərəktverici məqam hesab olunur və regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcəyi də təkzibedilməzdir. İşğaldan azad olunan ərazilərin bərpasının Prezident İlham Əlyevin 2 fevral 2021-ci il tarixli "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" barədə imzalanmış sərəncamda öz əksini tapması bu baxımdan heç də təsadüfi deyil. Bunun növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi də əbəs yerə deyil. Bərpa-quruculuq işlərinin həyata keçrilməsi məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard, bu il 2,7 milyard manat vəsait ayrılması, növbəti ildə isə 3 milyard manata yaxın pul ayrılacağının nəzərdə tutulması onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı, Azərbaycanın sosial-iqtisadi inkişafı üçün əsaslı zəmin var.
Müəllif: İnam Hacıyev
6.3.11. “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
