5 Mart günü ilə bağlı idmançıların fikirləri - SORĞU

3 Mart 2023 17:25 (UTC+04:00)

5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Mövzu ilə əlaqədar olaraq SİA idman ictimaiyyəti arasında sorğu keçirib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov: “Sağlamlığın qorunması və möhkəmlənməsində, gənclərin fiziki inkişafında, ölkənin idman şərəfinin beynəlxalq aləmdə daha da uca tutulmasında bədən tərbiyəsinin əhəmiyyəti və rolunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i Azərbaycan Respublikasında “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. 5 mart Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir gündür. 1995-ci il martın 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərmana əsasən əhali arasında sağlam həyat tərzinin təbliği, bədən tərbiyəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında İdman Fondu yaradılmışdır.

​Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında, digər mötəbər yarışlarda qazanılan qələbə və medallar, respublikamızın müxtəlif bölgələrində ucaldılan olimpiya idman kompleksləri beynəlxalq dairələrdə də yekdilliklə etiraf olunduğu kimi, Azərbaycanı gündən-günə çiçəklənən və möhkəmlənən bir idman ölkəsinə çevirmişdir. Artıq 2 ildir ki, 5 mart - Bədən tərbiyəsi və idman günü ərəfəsində həmin həftə “İdman həftəsi” kimi rəngarəng tədbirlərlə yadda qalır. Bu il 27 fevral tarixindən təşkil olunan çoxsaylı yarışlar, müsabiqələr, turnirlər, təlim və nümunəvi çıxışlarda idmansevərlərimizin aktiv iştirakını müşahidə edirik.

Gənclər və İdman Nazirliyi tərəfindən "İdman Həftəsi" çərçivəsində bir sıra layihələrin keçirilməsi, şəhid ailələrinin övladlarına xüsusi diqqətlə yanaşması, Ahıllar evindəki yaşlı nəslin nümayəndələri ilə yarışların keçirilməsi xüsusi nəzərəçarpan tədbirlərdəndir. Eyni zamanda qeyd etmək istəyirəm ki, "İdman həftəsi" çərçivəsində Nərimanov rayonunda da bir sıra yarış, viktorina, ustad dərsləri, seminarlar, fərqlənmiş idmançıların təltifi və s. tədbirlər həyata keçirilmişdir. 5 mart - Bədən Tərbiyəsi və İdman Günü bir növ idman ictimayyətinin bayramı ilə yanaşı həm də il ərzində idman sahəsi üzrə görülmüş işlərin hesabat günü kimi də qeyd olunur. Bu gün dövlətimiz uşaq, yeniyetmə və gənclərimizin idmana cəlb olunmasında çox maraqlıdır. “Sağlam bədəndə sağlam ruh olar” pirinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir. Biz istəyirik ki, gənc nəslimiz sağlam böyüsün, uğurlu idmançı olsun. Ölkəmiz idman ölkəsi olduğunu bir daha sübut etsin”.

Güləşçi Taleh Məmmədov: “İlk öncə bütün idmançıların, məşqçilərin idman bayramı mübarək olsun. İdmançılara Avropa və Dünya çempionu olmağı arzu edirəm. Məşqçilərə isə işlərində daha da uğur qazanmağı arzu edirəm. İdmandan kənar olanlara sağlam ruh və daima özlərinə idman etmək üçün vaxt ayırsınlar. Necə deyərlər sağlam bədəndə sağlam ruh olar. Özümə gəlincə isə ayin 28-inden etibarən məktəblər də və idman zallarında master klas dərsləri keçirəm. Bu mənə xoşdur ki, gənclərimiz məndən örnək alır və nəsə öyrənməyə çalışırlar. Məndən əlimdən gəldiyi qədər hər bir gəncə öz ustalığımla və sözlərimlə həm motivasiya oluram və nəsə öyrətməyə çalışıram.

İdmançı Cavid Çələbiyev: “5 mart münasibəti ilə bütün idmançıları, idman xadimlərini təbrik edirəm və hər bir idmançıya içi özüm qarışıq idman karyeralarında böyük uğurlar arzulayıram. 5 mart idmançılar üçün xüsusi bir günlərdən biridir. Bu günlərdə tanımış bir idmançı kimi çalışıram ki, məktəblərə, təhsil ocaqlarına gedərək hər bir gəncimizə idmanı və idmanın nə olduğunu aşılayaraq və içlərində idmana həvəsi olan məktəbliləri də idmana yönəltməkdir. Hər bir gəncimiz istər fiziki, istər mənəvi möhkəm olmaları üçün idmanla məşğul olaraq sağlam ruhda böyüsünlər və ziyanlı vərdişlərdən uzaq olsunlar”.