"Öz biliyinə arxalanan heç bir abitruyent bu üsula əl atmaz" - EKSPERT DANIŞDI

3 Mart 2023 15:34 (UTC+04:00)

"Fərqli vasitələrlə imtahanlara daxil olmaq istəyənlər hər zaman olur. Bu hallara istər abitruyentlər, istərsə də tələbələr arasında rast gəlmək mümkündür. Təbii ki, özünə inam, öz biliyinə arxalanan heç bir abitruyent bu üsula əl atmaz. Bu hallara daha çox bilik və bacarıqlarına güvənməyən gənclər arasında rast gəlinir. Bu isə çıxış yolu deyil və bu hallar aşkar olunduqda, onlara qarşı ən sərt tədbirlər görülür. Bu tədbirlər sırasında imtahandan qovulmaq və imtahan nəticələrinin ləğv edilməsi də yer alır". Bu sözləri SİA-ya açqılamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, bu cür halların baş verməsi tək Azərbaycan reallığında özünü göstərmir: "Fərqli ölkələrdə də gənclər bu kimi yollara əl atırlar. Hesab edirəm ki, bununla bağlı valideynlər, abitruyentləri imtahana hazırlayan müəllimlər iş aparmalıdırlar. Mütləq şəkildə onlara məlumatlar verilməli, maarifləndirmə işləri aparılmalıdır. İmtahana hazırlaşmağın müəyyən yolu var və o yol səylə çalışmaqdan keçir. Valideynlər bu məsələdə xüsusi həssaslıq göstərməlidirlər.

Abituryentlər anlamalıdır ki, həyat imtahanlardan ibarətdir. Ola bilər ki, bu imtahanda yalana əl atıb, kimlərisə aldadaraq, imtahandan keçdilər. Lakin qarşıda hələ çox imtahanların olduğunu unutmaq olmaz. Biz gənclərə bicliyin düzlük olmasını öyrətməliyik".