"Bu görüş Azərbaycanın beynəlxalq platformada tanınmasına töhfə verir" - SƏDR DANIŞDI

3 Mart 2023 14:34 (UTC+04:00)

“Bildiyimiz kimi, bütün dünyada Pandemiyanın elan edilməsindən qısa müddət sonra COVID-19-a qarşı mübarizədə səyləri birləşdirmək və bu məsələyə yekdil qlobal reaksiya vermək təşəbbüsü məhz Qoşulmama Hərəkatı tərəfindən edilmişdir. Bu istiqamətdə fəaliyyətin Azərbaycanın Hərəkata sədrlik dövrünə təsadüf etməsi isə ölkəmizin beynəlxalq həmrəylik və pandemiyaya qarşı səfərbərlik təşəbbüslərinin lideri kimi beynəlxalq arenada nüfuz və etimad qazanmasına səbəb olmuşdur. Martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü isə Hərəkatın post-pandemiya dövründə də beynəlxalq səylərə göstərdiyi xüususi diqqət və dəstəyin təzahürüdür. Müxtəlif Qoşulmama Hərəkatına Üzv Dövlət və Hökümət nümayəndələrini bir araya gətirən bu mötəbər tədbirə ev sahibliyi etmək Azərbaycanın beynəlxalq əməkdaşlıq və çoxtərəfli diplomatiya platforması kimi tanınmasına töhfə verir. Bununla yanaşı, Azərbaycanın Sammitdə təmsil olunan üzv dövlət və hökumətlərinə postpandemiya müddətində ehtiyacı olan ölkələrin maliyyə və humanitar yardımla dəstəklənməsi istiqamətində etdiyi çağırış da Sammiting qlobal səylərin birləşdirilməsi və gücləndirilməsi istiqamətində yeni addımların atılması üzrə əhəmiyyətini bir daha vurğulayır”. Bu sözləri SİA-ya açıqlamasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biri də çoxtərəfli diplomatiyanın həyata keçirilməsidir: “Bu xüsusda Azərbaycanın dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etməsi bu siyasətin uğurlu təzahürüdür. Qoşulmama Hərəkatına sədrlik isə öz növbəsində, Azərbaycanın beynəlxalq siyasətdə nüfuzunun artması, 120 ölkə ilə dostluq münasibətlərinin və əməkdaşlığın genişləndirilməsi, həmçinin ölkəmizin önəmli qlobal məsələlərin həllində, qərarların qəbulu və icrasında aparıcı mövqe qazanması və beynəlxalq arenada qlobal sülhü, təhlükəsizlik və əmin-amanlığı dətəkləyən lider ölkələrdən biri kimi tanınması istiqamətində önəmli rol oynamışdır. Bununla yanaşı, QH-yə sədrlik etməklə Azərbaycan müxtəlif siyasi, iqtisadi, təhülikəsizlik və s. kimi ölkə üçün prioritet sahələrdə üzləşilən problemlərin sülh və əməkdaşlıq çərçivəsində həlli istiqamətində 120 üzv dövlət tərəfindən dəstəklənir və bu xüsusda, beynəlxalq təcrübə, multilateralizm və həmrəylikdən faydalanır. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Hərəkata sədrliyi dövründə irəli sürülən təşəbbüslərdən biri olan QH Gənclər Təşkilatının təsis olunması Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. Bir illik fəaliyyəti dövründə Gənclər Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri üçün aparıcı beynəlxalq platformalardan birinə çevrilmə istiqamətində qətiyyətli addımlar atmışdır”.

O.Qəhrəmanzadə sözlərinə davam edərək bildirib ki, 2022-ci ilin iyulunda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Hərəkatın fəaliyyətində gənclərə fokuslanan yeni bir istiqamətin formalaşdırılması istiqamətində mühüm bir addım olmuşdur: “Təşkilat Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərinin nümayəndələrinə davamlı inkişafın təmin edilməsində qarşılaşdıqları mövcud problemlər və bu çətinliklərin dövlətlərinin razılaşdırılmış və adekvat cavabları ilə necə aradan qaldırıla biləcəyi ilə bağlı fikir, baxış və perspektiv mübadiləsi imkanı vermək üçün təsis olunmuşdur. Möhkəm quruluşa və aydın, nəticəyəyönümlü baxışa malik Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması və faəliyyəti Qoşulmama Hərəkatının gənclərinə gənclərin inkişafı ilə bağlı problemləri həll etməyə və Qoşulmama Hərəkatının gənclərinin ümumi mesajını beynəlxalq ictimaiyyətə daha sistemli şəkildə çatdırmağa imkan verir. Bu da öz növbəsində, Azərbaycanın gənclər siyasəti üzrə də beynəlxalq əməkdaşlığı təşviq edən və üzv dövlətlərin gənclərini bir çətir altında birləşdirən bir dövlət kimi nüfuz qazanmasına yön verir”.