Zərərdidə tələbələr: Distant təhsillə həkim olar?

3 Mart 2023 09:57 (UTC+04:00)

Zəlzələ bölgəsindəki universitetlərə qayıda bilməyən tələbələr distant təhsildən narahatdır

Türkiyədəki məlum zəlzələdən sonra fəlakətin baş verdiyi bölgələrdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı ölkəmizdə də narahatlıq var. Zəlzələdən sonra Kahramanmaraş, Adana, Malatya, Adıyaman, Hatay, Şanlıurfa, Diyarbakır, Qaziantep, Kilis və Osmaniye vilayətlərindəki ali təhsil müəssisələrində təhsil qeyri-müəyyən müddətə dayandırıldı. Zəlzələ nəticəsində daha çox dağıntıya məruz qalan bölgələrdə təhsil alan azərbaycanlı tələbələrin sayının təxminən 700-800 aralığında olduğu bildirilir. Rəqəmlər Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbakırda 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantepdə 86, Adanada 169, Kilisdə 2, Malatyada 136 nəfər olaraq açıqlanıb. Dəhşətli fəlakət nəticəsində 4 azərbaycanlı tələbə həyatını itirdi.

Valideynlər qorxur, tələbələr distant təhsil istəmir

Valideynlər övladlarını zəlzələ bölgəsində həyat bərpa ediləndən sonra da göndərməyə cəsarət etmədiklərini deyirlər. Övladı Malatya İnönü Universitetində 2-ci kursda təhsil alan valideyn Humay Məşədiyeva deyir ki, övladı dərslərinə hələlik distant təhsil yolu ilə davam edəcək, lakin bölgədəki zəlzələ dağıntılarının aradan qaldırılmasından və universitetin fəaliyyətini bərpa etməsindən sonra təkrar ora tələbə göndərmək fikrində deyil: “Hələ ki bilmirəm necə olacaq, köçürmə hansı yolla olacaq, amma ya öz universitetlərimizə, ya da başqa bir ölkəyə köçürülməsinə çalışacağıq. Tibb ixtisasında distant təhsil övladıma heç nə qazandırmayacaq, online dərslə həkim olmaq olar?”.

Bəs universitet təhsilinin keyfiyyəti baxımından distant təhsil üzbəüz təhsili əvəz edə bilərmi? Pedaqoqlar bu suala “pandemiya təcrübəsi” əsasında “xeyr” cavabını verirlər. Biz bu təcrübəni Covid -19 pandemiyası zamanı təhsilin “online” versiyaya keçirilməsindən sonra yaşadıq. Şagird və tələbələr “online” təhsildən heç nə qazanmadılar. Xüsusilə ötən il və bu il məzun olacaq tələbələrin aldıqları diplomların yarısından çoxu distant təhsillə əldə edilən biliklər olacaq. Ona görə də onların aldıqları təhsillə, hansı sahədə lazımınca yetişdirildikləri ilə bağlı çox sayda tərəddüdlər var. Distant təhsil texnologiyasından nə qədər yaxşı istifadə etsəniz də, üzbəüz təhsilin üstünlüklərini əldə etmək mümkün deyil.

Türkiyədəki məlum zəlzələdən sonra bölgədə mövcud olan tikililərin böyük əksəriyyəti yaşamağa uyğun deyil, insanlar çadırlarda yaşayır, universitetlərin salamat qalan yataqxanalarına zərərdidələr yerləşdirilir. Yataqxanasını, universitetini tərk etmək məcburiyyətində qalan başqa ölkədən olan tələbə geri qayıdıb Türkiyədə məskunlaşa, təhsilinə davam edə biləcəkmi? Yenidən ev kirayələyə biləcəkmi? Kirayələmək üçün sağlam qalmış ev tapa biləcəkmi? Ümumiyyətlə, dağılmış şəhərlər, yerlə-yeksan olmuş binalar bərpa edilənədək bunların mümkün olmayacağı bəllidir. Bərpa prosesi isə illərlə vaxt tələb edir, Türkiyə hökuməti hər nə qədər bir neçə aya bərpa edəcəyini desə də.

Bəs köçürülmə məsələləri necə tənzimlənir?

Türkiyə üniversitetlərində təhsil alan azərbaycanlı tələbələrin əksəriyyəti indi köçürülmə barədə maraqlanır. Mövcud qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrin universitetlərində aşağıdakı hallarda təhsil ala bilər.

1. Azərbaycan Respublikasının maliyyəsi hesabına “Dövlət Proqramı” çərçivəsində.

2. Hökumətlərarası təqaüd proqramı ilə

3. Tələbənin öz maliyyəsi hesabına

Təhsil eksperti Ramin Nurəliyev bildirir ki, xarici ölkələrdə təhsil alan gənclərimizin böyük qismi Türkiyə, Rusiya və Ukraynada təhsil alırlar. Rusiya və Ukrayna arasında gedən müharibə tələbələrdə böyük narahatlıga səbəb oldu. Ukraynada təhsilini yarımçıq qoyan tələbələr, həmçinin Rusiyada gələcək iqtisadi problemləri nəzərə alan valideynlər tərəddüd içindədir.

Ekspertin sözlərinə görə bu səbəblərdən dolayı tələbələrin böyük bir qismi qardaş Türkiyədə oxumağa üstünlük verirdi: “Amma Türkiyədə baş verən şiddətli zəlzələ və vəfat edənlərin içində azərbaycanlı tələbələrin də olması bir çox valideyni fikrindən daşındırdı. Xüsusilə də, dövlət proqramı ilə Türkiyədə təhsil alan tələbələrin narahatlığı daha çox diqqət çəkicidir”.

Ramin Nurəlıyev deyir ki bunun da səbəbi onların qəbul olduğu universitetlərə və ixtisaslara görə dövlət təqaüd almalarıdır. Maraqlıdır, bəs bu tələbələr həmin universitetlərdən imtina etdikdə və yaxud başqa bir ölkəyə transfer olunduqda bu proses necə tənzimlənməlidir? Ekspertin sözlərinə görə dövlət təqaüdü ilə təhsil alanlar dövlət qarşısında öhdəlik götürür və bu təqaüd həmin tələbəyə qəbul olduğu ölkə və universitetə görə təyin edilir, tərəflər arasında razılaşdırılır: “Tələbə özbaşına transfer etdikdə öhdəliyi yerinə yetirməmis olmaqla dövlət təqaüdündən məhrum olunur. Bu kimi fövqəladə hallarda tələbə müqavilə bağladığı icraedici orqan ilə görüşməli, məsləhətləsməli və razılığı əldə edilərək ona müvafiq addım atmalıdır. Əgər icraedici orqanın razılığı olmadan tələbə transfer edərsə, ona ayrılan təqaüd dayandırıla bilər”.

İkinci kateqoriya öz maliyyəsi hesabına təhsil alanlardır ki, o tələbələrin köçürülməsində qanunvericiliyin tələblərinə riayət olunmaqla hər hansı bir əngəl yoxdur. Ekspert deyir ki, bu tələbələrin həm Azərbaycan universitetlərinə, həm də başqa bir ölkəyə transferi mümkündür: “Amma burda da Elm və Təhsil Nazirliyinin xüsusi qaydaları öz əksini tapmaqdadır. Əgər tələbə qəbul olduğu tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında iştirak etmiş, lakin buna rəğmən Azərbaycandan kənarda təhsil almaq üçün getmişsə və müəyyən vaxt sonra təkrar Azərbaycan universitetlərində təhsil almaq qərarına gələrək transfer üçün müraciət edəcəyi ixtisasın balını toplamışsa, həmçinin SAT, TOEFL, IELTS imtahanından tələb olunan nəticəsi varsa bu zaman transfer üçün müraciət edə bilər. Yox əgər tələbə attestat balı, ortalaması, YÖS imtahanı nəticəsi ilə qəbul olunubsa bu zaman transferi qəbul edilməyəcək. Əgər tələbə başqa bir xarici universitetə transfer etmək istəyirsə o zaman həmin ölkənin transfer qaydaları ilə tanış olmalı, tələb olunan imtahan nəticəsi və sənədləri hazırlayaraq müraciət etməlidir”.

Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayevin ötən aylarda bununla bağlı qəti mövqeyi mətbuatda yer almışdı. Nazir qış transferinin olmayacağını və sistemin təkmilləşdiriləcəyini ictimaiyyətə açıqladı. Ramin müəllimin sözlərinə görə yayda transfer qaydalarında dəyişiklik edilərkən müəyyən qədər yumşaltma da nəzərə alınacağı ehtimal olunur: “Hal-hazırda Ukrayna və Türkiyə universitetlərindən kütləvi şəkildə transfer üçün müraciətlər gözlənilir. Çox arzuolunan olardı ki, mövcud vəziyyətlə bağlı Ukrayna və Türkiyə universitetlərində təhsil alan tələbələrə müəyyən güzəştlər olunsun. Azərbaycan universitetlərində çox sayda boş yerlər var ki, bunlara transfer ilə xarici tələbələrin köçürülməsində köməklik göstərilsin. Həm maliyyəmizin xaricə daşınmasının müəyyən qədər qarşısı alınmış olar, həm də Ukraynada müharibə səbəbindən, Türkiyədə də zəlzələ səbəbindən təhsilini yarımçıq qoyan tələbələrimiz arzularına çatardı”.

Lalə Mehralı