“Azərbaycan bütün beynəlxalq təşkilatlar kimi Birləşmiş Millətlər Təşkilatı ilə də səmərəli, iki tərəfin də maraqlarına cavab verən münasibətlər qurmağı bacarıb. 1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi 4 qətnamə öz həqiqətlərimizi dünyana çatdırmaqda vacib məsələlərdən biri olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bundan sonra da vaxtaşırı BMT Baş Məclisində Təhlükəsizlik Şurasının iclasında Azərbaycan öz hüquqlarını aktiv şəkildə müdafiə edib və bir çox beynəlxalq məsələlərin həllinə dair özünün prinsipial mövqeyini ortaya qoyub: “Bu gün BMT ilə Azərbaycan arasında çox sıx və hər iki tərəfin siyasi nüfuzundan istifadə etməyə imkan verən münasibətlər qurulub. Son dövrlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-də islahatlar aparılmasının vacibliyini vurğulayır. Xüsusilə də BMT TŞ-nın formalaşması prinsipinin yenidən qurulmasını olduqca əhəmiyyətli hesab edir. Cənab Prezidentin bu gün Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündəki çıxışında da bu məsələ xüsusilə vurğulandı. Azərbaycan Prezidenti bir sıra vacib məsləhətlər verdi. Hesab edirəm ki, Azərbaycan Beynəlxalq Birliyin üzvü kimi bundan sonra da beynəlxalq təşkilatlarda aktiv iştirak etməyə davam edəcək”.