“Son illər dünyada baş verən qlobal iqlim dəyişiklikləri bizim ölkəmizdən də yan keçmir. Yağışın az yağıması, lokal qaydada yağması və ya temperaturun yüksək olması kənd təsərrüfatında məhsuldarlığa, məhsulun keyfiyyətinə mənfi mənada öz təsirini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, qarlı və şaxtalı hava şəraiti həm bitkiçilik, həm də heyvandarlıq sahəsinə, bütövlükdə kənd təsərrüfatı sahəsinə faydalıdır: “Məhsulun artırılması, zərərverici və gəmiricilərin azalmasına öz müsbət təsirini göstərir. İlk növbədə yağmurun çox olması o deməkdir ki, torpaqda nəmlik ehtiyyatı toplanır. Bildiyiniz kimi, bizim ölkəmizdə 50-51% dəmyə əkinçiliyi mövcuddur. Bu, payızlıq taxıllara aiddir. Ona görə də havaların yağmurlu olması,bununla da yağıntının toplanması dəmyə əkinçiliyi üçün çox vacibdir. Torpaqda nə qədər su ehtiyatı toplanarsa, suvarma normalarından az istifadə oluna bilər. Bitkinin suya olan tələbatını vaxtında və düzgün ödəmək mümkün olar”.