Hacı Şahini həmkarları belə xarakterizə etdi - SORĞU

2 Mart 2023 12:21 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli vəfat edib. Məlumata görə, ilahiyyatçı bu gün səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib. SİA bununla bağlı onun həmkarları və sevənləri arasında sorğu edərək fikirlərini öyrənib.

QMİ-nin səlahiyyətli nümayəndəsi, İlahiyyat elmləri doktoru, professor, İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay Məmmədli: "Hacı Şahin mənim yaxın dostum idi. Eyni zamanda biz Qafqaz Müsəlmanları İdarəsində birgə çalışırdıq. O, çox böyük alim, ağıllı müdrik, sabahını və axirətini düşünən adam idi.

Hacı Şahin Allah adamı idi. Bu yol ona hər zaman uğur qazandırırdı. Çünki o müasir düşüncələrlə insanlarla danışa bilirdi. Xütbələrində həmişə azərbaycançılıq, dövlətçilik, insanlıq və insani dəyərlərdən danışırdı. Onun fikirləri hər kəsi düşündürürdü.

Dünya məhdud, axirət isə genişdir. Biz bu dünyada müvəqqəti qonağıq. Amma Hacı Şahinə gəldikdə isə çox üzülürəm və böyük kədər içində ailəsinə başsağlığı verirəm.

Azərbaycan xalqı Hacı Şahinin böyük alim olduğunu bilirdi. Bütün xalqımız onu itirdiyi üçün təəssüf edir. Onun heç 50 yaşı tamam olmamışdı. 1974-cü il təvəllüdlüdür. O az yaşında həyatda çox böyük uğurlara imza atdı. Eyni zamanda, Hacı Şahin kədərli insan olanda belə onu təbəssümü ilə cəlb edə bilirdi. O, neqativ adam deyildi. Biz bir qardaşı, alimi və dindarı itirdik.

Üç gün bundan öncə bacım oğlu rəhmətə getmişdi və Hacı Şahin hər gün mənə zəng edib maraqlanırdı. Hətta mənim qəmimi aradan qaldırmaq üçün müəyyən xoş sözlər deyirdi. Hacı Şahin çox sağlam idi. Bilmirəm, bəlkə də xəstə idi gizlədirdi. Yəni, xəstə olsa belə heçkimə deməzdi ki, kimsə onun narahatlığını hiss etsin. O, dostuna əziyyət verən adam deyildi".

Bibiheybət Məscidinin imamı Hacı Rahib Babayev: "Hacı Şahini gözəl bir ruhani, ölkəsinə və dövlətinə bağlı olan biri kimi xatırlayıram. Yüzlərlə insan onun fikirlərindən ibrət alaraq pis yollardan çəkinib. Onun fikirləri sayəsində insanlar cahilliyə deyil, elmə, İslama və dinə yayıdıb.

Hacı Şahinlə bizim görüşlərimiz Qafqaz Müsəlmanları İdarəsində daha çox olub. Həmçinin, bizim məscidin bir neçə dəfə ziyarətində olub. Çox gözəl xatirələrimiz var.

Böyük bir itkidir. O fəaliyyəti dövründə çox şeylər edib. Mən bilmirəm bunu necə izah edim. Hacı Şahin çox dəyərli bir insan idi. Mən bildiyim qədərilə xüsusi bir xəstəliyi yox idi. Biz onu həmişə deyib-gülən və gülərüz görmüşük".

İlahiyyatçı Ağa Hacıbəyli: "Hacı Şahin ölkəmizdə sayılıb-seçilən hörmətli din xadimlərindən biri idi. Uzun müddətdir ki, Məşədi Dadaş məscidində dini mənəvi və milli dəyərlərimizi təbliğ edirdi. Onun minlərlə sevəni var.

Hacı Şahin böyük hörmət qazanmışdı. O, çox sadə və təvazökar insan idi. Biz dəfələrlə birlikdə verlişlərdə olmuşuq və ondan sayğı, hörmət görmüşəm.

Onun ölüm xəbəri bizi çox sarsıtdı. Hər-halda biz Allaha və axirətə inanan insanıq. Allah axirətini xeyirli və qüsurları varsa əhv etsin. Allah rəhmət etsin. Sevənlərinə baş sağlığı diləyirəm".

Hacı Təyyar Hüseynli: "Xalqımızın mənəviyyatı zəngin olan təbliğçilərə hər zaman ehtiyacı olub. Yəni, bu qəbildən olan insanlara biz ağsaqallar, din xadimləri deyirdik. Onlar insanlara hər zaman doğru yol göstəriblər.

Mərhum həmkarım Hacı Şahin Həsənlini mədəni, səbrli, sakit təbiətli və xoş ünsiyyətli insan kimi tanıyırdım. Bu bizim üçün çox hüznlü bir xəbər oldu. Ol deyən, qal deyən və öl deyən yaradana sığınırıq. Onun doğmalarına və sevənlərinə dərin hüznlə başsağlığı verirəm. Məkanı cənnətdir".

Ayşən Vəli