“Qoşulmama Hərəkatı bu gün üz dövlətlərinin sayına görə Birləşmiş Millətlər Təşkilatından sonra ikinci yerdədir. İldən-ilə bu hərəkatın nüfuzu durmadan artır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Millət vəkili qeyd edib ki, dünyanın ərazi, əhali və iqtisadi baxımdan güclü olan ölkələri bu hərəkatın üzvüdür: “Qoşulmama Hərəkatı heç bir hərbi bloka qoşulmadan dünya miqyasında bütün problemlərin danışıq yolu ilə həll edilməsi və beynəlxalq hüququn əsas götürülməsini prioritet kimi götürür. Azərbaycanın bu təşkilata üzv olması dərin illərə dayanmır. Lakin qısa zaman çərçivəsində yəni 2019-cü ildə dünyada qazandığı siyasi nüfuza görə Azərbaycan bu təşkilatın sədri seçildi. Ötən il isə təşkilat tarixində ilk dəfə olaraq sədrlik müddəti uzadıldı.
Azərbaycan hərəkata 4 il sədrlik etməklə bir ilkə imza atıb. Həmçinin Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi dövrlərində təşkilat bir çox vacib təşəbbüslərlə çıxış etdi. Azərbaycanın spikerlik müddəti covid-19 pandemiyasının bütün dünyada yayıldığı bir dövrə təsadüf etdi. Həmin dövrdə ölkəmiz Qoşulmama Hərəkatının adından BMT Baş Məclisinin xüsusi sessiyasına çağırılmasına nail oldu. Pandemiya dövrü olmasına baxmayaraq yenidən Azərbaycan dövlətinin başçılığı ilə onlayn (online) formada təşkilatın bir neçə vacib beynəlxalq tədbiri keçirildi. Azərbaycan tək sədr ölkə kimi yox, eyni zamanda dünya birliyinin çox məsuliyyətli bir üzvü kimi pandemiya dövründə 80-a yaxın ölkəyə koronavirusla mübarizə üçün müvafiq tibbi avadanlıqlar həmçinin vaksinlər hədiyyə etdi. Qoşulmama Hərəkatının Azərbaycanda növbəti sammitinin keçirilməsi ölkəmizin beynəlxalq birlikdə qazandığı siyasi nüfuzudur. Bu Bakının artıq diplomatiya paytaxtlarından biri olduğunu sübut edir”.