Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası keçirilib - YENİLƏNİB - FOTOLAR

28 Fevral 2023 15:47 (UTC+04:00)

Fevralın 28-də Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının (RAES) "XXI əsrdə Rusiya- Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" mövzusunda üçüncü iclası keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr olunmuş tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Rusiya Beynəlxalq Məsələlər Şurası (RBMŞ) tərəfindən təşkil olunub.

Yüksək səviyyəli plenar iclasda Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov, həmçinin tədbirin təşkilatçıları-Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov çıxış ediblər.

Sessiya zamanı xarici işlər nazirlərinə RAEŞ-in birinci nəşrinin - rusiyalı və azərbaycanlı ekspertlərin müəllifi olduqları "Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 ili: keçilən yol və gələcəyə baxış" məqalələr toplusunun xatirə nüsxələri təqdim olunub.

Sonda Şura üzvləri iki ölkə arasında əlaqələrin dərinləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı Şuranın praktiki tövsiyələrini əks etdirən kommünike qəbul edilib.