“Ötən il dekabr ayının 12-də başlanan Azərbaycan ekofəallarının etiraz aksiyası artıq 78 gündür davam edir. Hesab edirəm ki, bu 78 gün ərzində həmin aksiya çox böyük effekt verib. Aksiyanın nəticələrindən biri də budur ki, mədənlərin qeyri-qanuni istismarı dayandırıldı”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.
Onun sözlərinə görə, digər tərəfdən, bu aksiya ilə bağlı separatçı rejimin “siyasi liderlər”i arasında böyük narazılıqlar yarandı: “Ruben Vardanyanın qeyri-qanuni fəaliyyəti çox dərin narazılıq yaratdı. Qarabağ erməniləri arasında 78 gündür blokadada olması və Ruben Vardanyanın bununla bağlı heç bir iş görə bilməməsi narahatlıq yaradıb. Ruben Vardanyanın Qarabağda müxalif şəxslərlə arasındakı problemlər daha da böyüyür. Çünki hakimiyyətə gələn kimi 9 nazir və başqa vəzifəli şəxsləri işdən azad etdi və bugünə qədər yeni təyinat olmayıb. Ermənilər özləri də görürdü ki, getdikcə Azərbaycan və separatçı rejim arasında münasibətlər düzəlirdi, görüşlər keçirilir, birgə danışıqlara cəhdlər edilirdi”.
Ekspert sözlərinə davam edərək bildirib ki, bütövlükdə Laçın yolunda bu aksiya onlar üçün bir çox problemlər yaratdı: “Bu baxımdan artıq bir çox irəliləyişlər var. Xüsusilə, Qarabağa xarici vətəndaşların gəlib-getmək məsələsi dayanıb. Silah-sursatın daşına bilməməsi də onlar üçün çətinliklər yaradıb. Amma enerji resurslarının Azərbaycan tərəfindən məhdudlaşdırılması barədə məlumatlar yanlışdır. Hamıya bəllidir ki, bütün bunlar Ruben Vardanyanın kəskin addımlar atdığı müxalif qüvvələrin başının altından çıxır. Onlar bunu edirlər ki, vəziyyət daha da ağırlaşsın, Qarabağ erməniləri ayağa qalxıb Ruben Vardanyana etirazlarını bildirsinlər. Yəni, bunlar ermənilərin daxili oyunlarının nəticələridir”.