BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşı, İqtisadiyyat və Humanitar Kollecinin müəllimi Gülnar Axundovanın SİA-ya müsahibəsini təqdim edirik:
- Od çərşənbəsinin adı təsadüfdür yoxsa necə?
- Bunu belə cavablandırardım ki, mifoloji dünya görüşündə yaradılışın bir mərhələsini od təşkil edir. Çünki od olmasa idi, dünya yaranmazdı. Bir məlumatı da qeyd edim ki, çərşənbələrin ardıcıllığı ilə bağlı məsələdə bir az mübahisə var. Məsələn, bəzi bölgələrdə bu çərşənbələrin ardıcıllığında fərqlilik var. Lakin od çərşənbəsi ona görə ikinci hesab olunur ki, o, ocaq və odla bağlıdır. Hətta bu çərşənbənin adı "Üskü" çərşənbə, "Ocaq" çərşənbəsi, "Külkülə" çərşənbəsi və "Xızır" çərşənbəsi olaraq da adlanır.
- Od çərşənbəsində hansı təamlara daha çox üz tutulur?
- Əvvəlcə onu qeyd etmək istəyirəm ki, xalqımızın inancına görə hər çərşənbədə şirniyyat və yemək bişirilməlidir. Bu çərşənbədə də belə bir inanc var ki, əgər ocaq asılmasa həmin il bərəkətsiz olar. Bu çərşənbədə daha çox paxla və plov bişirilir. Bu da ondan irəli gəlir ki, ikinci çərşənbədə məhsulun yığımı baş tutur və burda da paxla bitkilərinə daha çox üstünlük verilir. Düşünürəm ki, od çərşənbəsinin xüsusi təamlarından biri paxlalı plovdur. Hər bölgəyə görə isə təamlar dəyişə bilir, lakin birmənalı olaraq yemək bişirmək qaydası dəyişmir.
- İkinci çərşənbə digərlərindən hansı özəlliyi ilə fərqlənir?
- Ümumiyyətlə çərşənbələr mahiyyət olaraq bir-birinə bənzəyir amma bəzi inanclarına görə isə bir-birindən fərqlənir. Məsələn, su çərşənbəsində evlərin daha çox su ilə təmizlənməsi ön planda durursa, od çərşənbəsində isə bu öhdəlik odun üzərinə düşür.
- Od və od çərşənbəsinə inam nə ilə bağlıdır?
- Xalqımızın tarixi çox qədimdir və qədim tarixi köklərə malik bir xalqın dünyagörüşü də çox dərin, mifoloji qatı da zəngindir. Oda inamda məhz bununla bağlıdır. Od hər zaman xalqımız üçün müqəddəs hesab olunmuşdur. Odu qorumaq, onu saxlamaq və od ilə təmizlənmək bizim tariximizdə xalqımızın qədimliyindən xəbər verir. Məsələn biz ata ocağı deyirik, bu ifadə elə məhz odla bağlıdır. Necə ki, odu qoruyublar, ata ocağı da dedikdə qədim məskən nəzərdə tutulub.
- Od çərşənbəsində hansı inanclar yerinə yetirilir?
- Odla bağlı bir çox inanclar yerinə yetirlir. Tonqallar qalanır və hər alənin öz tonqalı olur. Məsələn, hər ailə tonqalın içinə ailənin üzv sayısına görə, hətta hələ uşaq dünyaya gəlməyibsə belə onun adına çöp atır. Bu inanc şər qüvvələrinin qovulması üçündür. Həmin ocağa üzərlik də atılır, bu isə göz nəzərin qaytarılması üçün nəzərdə tutulur. Belə bir adət də var ki, hansı evdə yas oldu həmin evə ocaq qalanıb o evi yasdan çıxarırlar. Bu adətlər bəzi böləgələrdə hələ də qalsa da bəzilərində unudulur. Düşünürəm ki, bu adətləri xalq olaraq yaşatmalıyıq. Çünki bu bizim kökümüzdür, qanımızdır və genimizdir. Bu bayramı yaşadırıqsa deməli xaqlımız yaşayır.
Nurcan İsmayılova