“Ermənistan 44 günlük Vətən müharibəsindən sonra sülh sazişini imzalamaq niyyətində deyildi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov qeyd edib.

Politoloq sözlərinə belə davam edib: “Proseslər elə gətirdi ki, sülh sazişi artıq bütün normallaşma prosesinin əsas şərti kimi qəbul edilir. Bunu Azərbaycanın diplomatik qələbəsi kimi də qeyd etmək olar. Çünki sülh sazişi artıq bir zərurətdir və o olmadan hər hansı bir normallaşmadan söz gedə bilməz. Ermənistan da hər vəclə çalışır ki, prosesləri uzatsın və əlindən gələni edir ki, bu vəziyyət aradan götürülsün. Onlar düşünürlər ki, vaxt uzandıqca Ermənistanın mövqeyi daha da güclənir. Bu uzanan aylar ərzində Ermənistan öz ərazilərinə Avropa İttifaqı missiyasını dəvət edib və müəyyən dərəcədə İranın dəstəyinə nail olub, hazırda da Hindistandan silah əldə edirlər. Ermənistan tərəfi düşünür ki, zaman onların xeyrinə işləyir. Lakin 2020-ci ilin təcrübəsi göstərir ki, onlar bu addımları ataraq qırmızı xətləri keçirlər və bu da öz növbəsində Azərbaycanın güc tətbiq etməsinə gətirib çıxardır”.