Hava şəraiti insan psixologiyasına NECƏ TƏSİR EDİR? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

27 Fevral 2023 10:55 (UTC+04:00)

"Mart ayının yaxınlaşması ilə artıq daha bir mövsüm dəyişiminin astanasındayıq. Hər gün havanın bir üzünü görürük. Bir gün əsl bahar havası, günəş içimizi sidir səhəri gün yağış,şaxta,külək və qar ilə qarşılaşırıq. Təbii ki buda insan psixologiyasına təsirsiz ötüşmür". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fəridə Şərifova bildirib.

Psixoloq bildirib ki, havanın qəfil dəyişməsi insanın əhval-ruhiyyəsinə təsir edərək əsəbilik, narahatlıq və həssaslığa səbəb ola bilir. Mənfi hava dəyişikliyi, yəni daha az günəşli, yağışlı mühitlər depressiyaya səbəb ola bilər: "Araşdırmalardan məlumdur ki, havanın temperaturu və gün işığı insan psixologiyasına təsir edir. Bəs hava ilə insan psixologiyası arasında hansı əlaqə var?

Havanın qəfil dəyişməsi nəticəsində biz bioloji və psixoloji dəyişikliklər yaşayırıq. Qış aylarında daha çox yorğun, enerjisi az olan və yüksək kalorili qidalar qəbul etməyə üstünlük verdiyimiz halda, yaz-yay aylarında daha canlı, daha enerjili və daha az kalorili qidalar qəbul etməyə üstünlük veririk. Havanın qəfil dəyişməsi nəticəsində: depressiya, həddindən artıq emosionallıq, həssaslıq və ya konfliktə meyl, yorğunluq, oynaq və baş ağrıları, yuxuya getmədə problemlər və ya həddindən artıq yatmaq, qida qəbulunda dəyişiklik baş verə bilər. Məlumdur ki, insanlar yağışlı, buludlu havalarda daha introvert və pessimist əhval-ruhiyyədə, həddindən artıq isti havalarda isə səbirsiz, süst və yorğun əhval-ruhiyyədədirlər".

F.Şərifova qeyd edib ki, günəşli, açıq, təmiz hava insan psixologiyasına müsbət təsir göstərir: "Bəs bunun səbəbi nədir? Tədqiqatlar göstərir ki, günəş işığı bədənimizdə serotonini artırır. Serotonin isə psixologiyamızı tarazlıqda saxlayan, canlılıq, xoşbəxtlik hissi verən, yuxu dövrümüzü tənzimləməyə kömək edən, diqqətimizi cəmləməyə dəstək olan, beyindəki hüceyrələr arasında əlaqəni təmin edən kimyəvi maddədir. Serotonin çatışmazlığında yorğun və utancaq əhval-ruhiyyə, artan narahatlıq, bədbəxtlik, yuxuya getməkdə çətinlik və ya yuxuya keçid kimi vəziyyətlər meydana gələ bilər. Bu səbəbdən serotonin səviyyəsinin psixoloji və fizioloji sağlamlıq baxımından tarazlıqda olması vacibdir. Ona gorə də dəyişkən havaların bizlərə mənfi təsirini azalatmaq üçün serotonin səviyyəsini nizamda saxlamaq məsləhət görülür. Bu səviyyəni tarazlıqda saxlamaq üçün: idman etmək, gün işığında vaxt keçirmək, stresli vəziyyətlərdən və hadisələrdən mümkün qədər uzaq olmaq, triptofan, B6, B9, B12 vitaminləri ilə zəngin qidalar qəbul etmək, spirt və kofein istehlakını minimuma endirmək kömək edəcəkdir".