Moskvada Xocalı soyqırımına həsr olunmuş filmin nümayişi keçirilib

25 Fevral 2023 18:12 (UTC+04:00)

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) “Azərbaycan” pavilyonunda Xocalı soyqırımına həsr olunan “Xoca” filminin nümayişi keçirilib.

SİA APA-ya istinadən xəbər verir ki, azərbaycanlı rejissor Vahid Mustafayevin Xocalı soyqırımına həsr olunmuş “Xoca” hərbi filminin nümayişi “Retrospektiv” film layihəsi çərçivəsində baş tutub.

Filmin nümayişindən əvvəl Xocalıya həsr olunmuş anım guşəsinə gül dəstələri düzülüb.

"Azərbaycan" Pavilyonun direktoru Səadat Kadırova tarixin gənc nəslə çatdırılmasının vacibliyindən danışıb: “Hər il biz bu dəhşətli faciənin qurbanlarının xatirəsini ehtiramla yad edirik Bu, tariximizin çox kədərli və faciəvi səhifəsidir. 1992-ci ildə erməni silahlı birləşmələrinin yatmış dinc Xocalı şəhərinə necə hücum etdiyini xatırlayırıq. Bu faciə biz azərbaycanlılar üçün başlanğıc nöqtəsi oldu”.

S.Kadırova qeyd edib ki, bu gün "Xoca" filminin nümayişinə gənclər dəvət olunub, çünki gələcəyimizi məhz onlar quracaqlar: “Biz gənc nəslin öz tarixini bilməsini vacib hesab edirik. Qəlbimizdəki bu ağrı əbədi yaşayacaq. İkinci Qarabağ Müharibəsindəki qələbə ilə biz düşmənə cavab verdik və bütün dünya ictimaiyyətinə sübut etdik ki, biz özümüzə arxa dura və müqavimət göstərə bilən xalqıq”.

Daha sonra tədbirdə azərbaycanlı tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru, Rizvan Hüseynov onlayn formatda çıxış edib.

Filmin nümayişi çərçivəsində "Azərbaycan" pavilyonunda Xocalı soyqırımına həsr olunmuş fotosərgi də təşkil olunub.