Polşanın Byalıstok şəhərində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Mərasim Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Polşada Müsəlman Dini Birliyinin dəstəyi ilə həyata keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, anım mərasimində Polşada Müsəlman Dini Birliyinin Byalıstok kommunasının nümayəndələri, Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları və şəhərin müsəlman əhalisinin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Byalıstok şəhərinin imamı Mirzəqalib Rəcəbəliyev cümə namazına toplaşan müsəlman əhaliyə Xocalı faciəsi barədə ətraflı məlumat verib. Din xadimi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən yaxın tarixin ən qanlı və qəddar cinayətlərindən birinin məhz Xocalı şəhərində törədildiyini qeyd edib. Diqqətə çatdırıb ki, bu soyqırımı nəticəsində 106 qadın, 70 ahıl şəxs, 63 uşaq olmaqla, ümumilikdə, 613 azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi ilə bağlı bu günədək məlumat yoxdur. Yerlə-yeksan edilən şəhərdə 46 nəfəri uşaq olmaqla, 487 sakin şikəst edilib, 8 ailə isə tamamilə məhv olunub. 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirib. Din xadimi əlavə edib ki, Xocalıda dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi azərbaycanlılara və müsəlmanlara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətindən irəli gəlib.
Sonra Byalıstok məscidində toplaşan yerli müsəlman əhali ilə birgə cümə namazı qılınıb. Ayin zamanı Xocalı qurbanlarının ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.
Daha sonra səfirliyin əməkdaşları yerli əhali ilə söhbət edib, soyqırımının təfərrüatları barədə onlara məlumat verib. Qeyd olunub ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri törədənlərin davranışını “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər” kimi qiymətləndirib. Lakin bu günədək Xocalıda törədilən cinayətlərə görə məsuliyyət daşıyanların heç biri Ermənistan tərəfindən cinayət məsuliyyətinə cəlb edilməyib.
Söhbət zamanı Ermənistan tərəfindən Vətən müharibəsi dövründə də azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alındığı xatırlanıb. Vurğulanıb ki, Azərbaycanın Gəncə, Tərtər, Bərdə və digər şəhərlərinin mülki əhalisinə və mülki infrastrukturuna Ermənistan tərəfindən ballistik raketlərlə hücumlar olunması həmin reallığı bir daha təsdiqləyir.
Sonda səfirliyin təşkilatçılığı ilə Xocalı şəhidlərinin ruhuna çay süfrəsi açılıb və ehsan verilib.