“Almaniyanın Münxen şəhərində 58-ci konfrans fevral ayının 17-də öz işinə başladı. Tarixdən 1938-ci il Münxen sövdələşməsini xatırlayırıq. Ağrılı bir tarix idi. Çexslovakiyanın Sudet vilayəti Avropa dövlətlərinin xeyir-duası ilə ondan alındı və Almaniya tərəfindən işğal olundu". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, bununla da İkinci Dünya Müharibəsinin başlaması üçün şərait yarandı: "Amma bu Münxen konfransında torpaq vermək deyil, Rusiya-Ukrayna məsələsi əsas idi. Eyni zamanda, Münxen konfransında Azərbaycan ilə Ermənistan arasında, daha doğrusu Laçın dəhlizi, Zəngəzur dəhlizi və Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən doğan sülh müqaviləsi məsələsi də var idi. Təbii ki, artıq biz erməni tərəfinə inanmırıq. Ermənistan səhər dediyindən axşam, axşam dediyindən də səhər imtina edən bir dövlətdir. Bu, erməni siyasəti, düşüncəsidir. Hələ də düşünürlər ki, Cənubi Qafqazda nə isə olar və onların bundan hər hansı qazancı ola bilər. Bu, təbii ki sadəcə erməni xülyasıdır".
Deputat sözlərinə davam edərək bildirib ki, Münxen görüşündə əsas diqqəti cəlb edən cəhət ABŞ dövlət katibi Antoni Blinkenin bu tədbirdə iştirakı idi: "Azərbaycanın dövlət başçısı birmənalı olaraq həm görüşdə, həm də görüşdən sonra mətbuat nümayəndələrinin suallarına cavab verəndə Azərbaycan bugünə qədər nə qazanıb, 30 il ərzində ölkənin başına hansı müsibətlər gətirilib, Azərbaycanın tarixi torpaqlarında abidələrimiz məhv edilib, amma bu gün Azərbaycan qalib dövlətdir. Qalib dövlət haqqı və ədaləti diqtə edir. Qarabağ Azərbaycanın tarixi torpağı olduğuna görə hər bir erməni də Laçın dəhlizi vasitəsilə Ermənistana getmək istəyirsə, o yoxlanılmalıdır. Çünki bu qədər ərazilər minalanır. Bu minaları kim gətirib? Məlumdur ki, bunu erməni tərəfi edib. Deməli, rus sülhməramlıların qoruduğu yerdən ermənilər istənilən vaxt hər cür silah daşıya bilib və daşımağa davam edir. Digər bir məsələ isə Azərbaycanın tarixi torpağı olan Qarabağdan təbii sərvətlərimizin daşınmasıdır. Bununla Azərbaycana həm ekoloji, həm də maddi cəhətdən ziyan dəyir. 44 günlük müharibədə Azərbaycan erməni ordusunu darmadağın etdiyinə və bu torpaqların sahibi olduğuna görə bu təbii sərvətlər niyə daşınmalıdır?! Azərbaycan da elə bu məsələləri müzakirə etdi. Nəticə olaraq, Laçın dəhlizində həm Azərbaycanın gömrük-buraxılış məntəqəsi, həm də Sərhəd Qoşunları ilə bağlı təsisatların yaradılması hamı tərəfindən qəbul edildi. Qəbul edilməsə belə, Azərbaycan öz ərazisi barədə qərar verirsə, bunu heç kimlə bölüşməli deyil. Həm ABŞ-ın, həm də dünənə qədər Ermənistanı müdafiə edən dövlətlərin belə artıq Azərbaycana sözü qalmadı. Çünki Azərbaycan Prezidenti İlham Əliyev məsələləri o qədər aydın izah etdi ki, əlavə şərhə ehtiyac qalmadı. Bu görüş bir daha sübut etdi ki, Azərbaycan doğru yoldadır, bizim istəyimiz ədalət və sülhdür. Ermənistan hansı bəhanələri gətirsə də, hansı yalanları uydursa da, Azərbaycanla sülh müqaviləsini imzalamalıdır”.