“Xocalı soyqırımı heç vaxt unudulmayacaq” - DEPUTAT DANIŞDI

24 Fevral 2023 16:45 (UTC+04:00)

“Xocalı soyqırımı xalqımızın qan yaddşıdır. Qanlı hadisə 31 il əvvəl baş versə də ermənilərin törətiyi bu cinayət unudulmur, hər il qeyd edilməklə diqqəti bir daha bəşəri fəlakətə kökləyir. Xalqımıza qarşı törədilən qanlı olay dünya birliyi tərəfindən hələ də lazımi səviyyədə qəbul edilməyib, ona siyasi-hüquqi qiymət verilməyib, cinayəti törədən ermənilər və 366-cı alayın şəxsi heyəti layiq olduqları cəzanı almayıblar. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Soyqırımı zamanı 613 nəfər dinc sakin xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu cinayət qabaqcadan düşünülmüş şəkildə, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilib: “Faktın özü artıq bunun soyqırımı olduğunu sübut edir. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olaraq ən ağır beynəlxalq cinayətlərdən biri sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində də qeyd olunur ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, soyqırımının beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürüblər. Ermənistan da təcavüz zamanı həmin konvensiyada təsbit olunmuş cinayətin təşkilində birbaşa iştirak edib”.

A.Hüseynov vurğulayıb ki, Xocalı soyqırımının bütün dünyada tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk fəaliyyət Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən az bir müddət sonraya təsadüf edir. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində ötən dövrdə Xocalı soyqırımının dünya miqyasında tanıtdırılması və soyqırımı aktı olaraq qəbul etdirilməsi istiqamətində böyük işlər görülüb. Bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi ilə alınıb. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Hazırda Azərbaycanın üçrəngli bayrağı azad Qarabağda, azad Şərqi Zəngəzurda dalğalanır. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq”.