Tanınmış erməni alimi Azərbaycanın mövqeyini dəstəklədi ŞƏRH+AKTUAL

24 Fevral 2023 16:15 (UTC+04:00)

Filipp Ekozyants: “Mən İlham Əliyevin Münxendəki tələbləri ilə tanış oldum və onları birmənalı olaraq ədalətli hesab edirəm”

44 günlük müharibədən sonra Ermənistanın mövcud rəhbərliyinin hələ də nala-mıxa döyəcləməklə regionda yaranmış yeni situasiya fonunda sülhün bərqərar olmasına qarşı müxtəlif yönlü bəhanələrlə mane olması, prosesi ləngitmə cəhdləri əslində vəziyyəti daha da gərginləşdirir. Artıq onu da istisna etmək olmaz ki, Bakının səbri ötən müddət ərzində demək olar tükənib. Bu faktı sağlam düşüncəyə malik olan ermənilər də yaxşı anlayırlar və bilirlər ki, Bakı 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdakı bəndlərin realizəsi üçün əlində olan bütün gücündən istifadə edəcək, tələb olaraq irəli sürülən şərtlər də həyata keçiriləcək. O da əbəs deyil ki, ermənilərin “dünyanın ən qədim milləti”, ya da “bəşər tarixinin ilk xristianları” iddialarını kifayət qədər mükəmməl dəlilləri ilə yalanlayan, ifşa edən tanınmış erməni tarixçi alimi və etnoqrafı Filipp Ekozyants da Ermənistanın anlaşılmaz və əsassız davranışlarına qarşı mükamilə ilə çıxış edib.

“Əgər Qarabağ Azərbaycanın torpağıdırsa, deməli, orada nəyin baş verəcəyi barədə qərar vermək də Azərbaycan hökumətinin öz işidir”

Bir neçə gün əvvəl Münxen Təhlükəsizlik Konransındakı proseslər üzərində fikir bildirən Ekozyants maraqdoğurucu nəticələri ilə yadda qalıb. SİTAT: “Mən İlham Əliyevin Münxendəki tələbləri ilə tanış oldum və onları birmənalı olaraq ədalətli hesab edirəm. Əgər Qarabağ Azərbaycanın torpağıdırsa deməli orada nəyin baş verəcəyi barədə qərar vermək də Azərbaycan hökumətinin öz işidir”.

“Nəzarət-buraxılış məntəqəsi də qurulmalıdır ki, Azərbaycan tərəfi Laçın yolu üzərindən onun ərazisinə daxil olanlara nəzarət edə bilsin”

Erməni alimi Ermənistanın siyasi ictimaiyyətinin Azərbaycana qarşı ittihamlarını da heçə endirib, hətta Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması məsələsinə də müsbət yanaşdığını ifadə edib. “Nəzarət-buraxılış məntəqəsi də qurulmalıdır ki, Azərbaycan tərəfi Laçın yolu üzərindən onun ərazisinə daxil olanlara nəzarət edə bilsin. Azərbaycan ərazisində biznes mühitinin yaradılması da Azərbaycan hakimiyyətinin icazəsi ilə həyata keçirilməlidir”, deyə erməni alimi bildirib.

“Erməni əhalisinin Ermənistan respublikasından getmələri – bax, budur ekzistensial problem”

Filipp Ekozyants İrəvanın uzun illər boyu insanlara yalan məlumatlar verdiyini bildirib və deyib ki, Qarabağın guya bütün ermənilər üçün ekzistensial xarakterli məsələ olması barədə irəli sürülən iddialar sadəcə təbliğat boş-boğazlığıdır. SİTAT: “Belə şeyləri yayanlar, ictimailəşdirənlər bunun yerinə ermənilərin Ermənistanı və konkret olaraq İrəvanı tərk etməmələri üçün cəhdlər göstərsinlər. Erməni əhalisinin Ermənistan respublikasından getmələri – bax, budur ekzistensial problem. Qoy ermənilər əvvəlcə Ermənistanın tam hüquqluq sahibləri olsunlar...”

Diqqətçəkən məqamlardan biri də budur ki, erməni düşüncəsinin əksər çoxluğunda saxta tarix və həmin saxtakarlıq üzərinə qurulmuş kirli siyasət amillər dayanır. Məhz bu kimi saxta, yalan məlumatların bütövlükdə erməni cəmiyyətinə növbəti təhlükələr yaratdığını bildirən erməni alimi sözlərinə əlavə olaraq onu da qeyd edib ki, erməni xalqının düşüncəsini dəyişmək üçün sözsüz ki, tarixdən başlamaq lazımdır və həmin tarixdən ki, həmin tarix həqiqətə uyğun olsun.

“Qısa zaman müddətlərini çıxarsaq, pozitiv məqamlar da mövcuddur”

Onun digər fikri də diqqətçəkir. Belə ki, Ekozyantsa görə, mehriban qonşuluq münasibətlərinin qurulması yönündə, hətta ən kiçik həll məqamını, işlədiləcək ifadəni də min dəfə ölçüb-bilmək lazımdır. Lakin erməni cəmiyyətinin əksər çoxluğu bunu da etmir və sonda kəskin fikir ayrılıqları yaranır, fəsadları isə ağır nəticələrə gətirib-çıxarır. O, tarixə istinad edərək ermənilərlə azərbaycanlıların bir yerə yaşaması mümkünlüyünə də toxunub. SİTAT: “Bizim belə bir təcrübəmiz var və bəzi qısa zaman müddətlərini çıxarsaq, pozitiv məqamlar da mövcuddur”.

Xatırladaq ki, Filipp Ekozyants uzun illərdir ki, erməni revanşizminə, antitürkçülük siyasətinə, ultramillətçiliyinə, irqçilik və şovinistlik, qonşu torpaqlarına ərazi iddiaları, eləcə də terrorçuluq maraqlarına qarşı çıxış edən azsaylı erməni alimlərindən biridir. Onun internet şəbəkələrində çoxsaylı çıxışları mövcuddur. O da əbəs deyil ki, bir sıra erməni dairələri onu “erməni xalqının maraqlarını satan şəxs” olaraq elan ediblər.

Rövşən RƏSULOV