“Regionlardan Bakıya axının bir neçə səbəbləri var. Hazırda dünyada da bu cür urbanizasiya proseslər gedir. İnsanların çoxu regionlardan böyük şəhərlərə can atır. İnsanlar daha çox ictimailəşmək, sosiallaşmaq istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, bu məsələnin sosial tərəfidir: “Həmçinin, bu məsələyə infrastrukturun da təsirləri var. İnsanlar müəyyən əyləncələrə, əlçatanlığa can atırlar. İqtisadi baxımdan isə regionlarda taraz inkişafın olmaması, insanların daha çox gəlir əldə etməsi üçün iş yerlərinin Bakıda cəmləşməsi onların paytaxta üz tutmasına səbəb olur. Sözsüz ki, bu məqbul bir hal sayılmır”.
İqtisadçı sözlərinə davam edərək bildirib ki, bunun üçün regionların tarazlı və dinamik inkişafını təmin etmək lazımdır: “Regionlarda sahibkarlığın inkişafına daha da geniş stimul vermək, iş yerlərinin yaradılması, məşğullun təmin edilməsi üçün müvafiq tədbirlər görülməlidir. Hesab edirəm ki, eyni zamanda regionlarda sosial məsələlər də həll edilməlidir. Sosiallaşma imkanlarının yaradılması da regionlarda təmin edilməlidir. Yəni, regionlardan Bakıya insanların axın etməsi yalnız iqtisadi deyil, sosial problemlərlə də bağlıdır".