Amansız və qəddar soyqırım aktı

24 Fevral 2023 13:01 (UTC+04:00)

Nə qədər ağır olsada və nə qədər faciəli olsada, bir azərbaycanlı kimi, bizim hər birimiz vətəndaş olaraq borcluyuq, xalqımızın, mıllətimizin başına qələnləri yad edək. Yad etməliyik ən əsası ona görə ki, bizdən sonra gələn nəsil hec vaxt öz kecmişini, tarixini unudmasınlar. Bilsinlər ki, dostlarımız kimdi - düşmənlərimiz kimdir.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev, hələ o zaman Xocalı soyqırımının 10 illiyində Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Bir qədər uzaq keçmişi, tarixi yada salaraq, qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi, kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər.

1992-ci ildə Azərbaycanda siyasi qeyri-sabitliyin kuliminasiya həddi yaşandı və Xocalı soyqırımının müəlliflərinin və icraçılarının planına görə dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi daxili siyasi vəziyyəti daha da gərginləşdirməli idi.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bundan əlavə, mülki hava limanının yerləşdiyi Xocalının işğalı Ermənistana strateji üstünlük və Dağlıq Qarabağın qalan şəhərlərini ələ keçirmək üçün geniş imkanlar verirdi.

Nəhayət, bildiyimiz kimi, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi hələdə indiyənədək məlum deyil. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən ermilər tərəfindən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir.

Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir.

İşğaldan əvvəl rayonda onlarla mədəniyyət müəssisələri, muzeylər, orta məktəblər, peşə məktəbləri, poliklinika və xəstəxanalar, kənd təsərrüfatı və sənaye müəssisələri, bir toxuculuq fabriki və digər ictimai təşkilatlar fəaliyyət göstərirdi.

Çox təəssüf ki, bütün bu obyektlər dağıdılmışdır. Rayonda bir şəhər, bir qəsəbə, səkkiz kənd, 2495 yaşayış binası, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 5 rabitə müəssisəsi, o cümlədən 20 təhsil, 14 tibb, 56 mədəniyyət müəssisəsi darmadağın edilmişdir.

Erməni işğalından sonra bütün maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından biri kimi, sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi, erməni vandalizminin bariz nümunəsi olaraq, dünya mədəniyyətinə qarşı zorakılıq aktı kimi tarixə düşdü.

Rəsmi məlumatlara görə, işğal zamanı, ictimai və şəxsi əmlakın dağıdılması və talanması nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi.

Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən soyqırım olduğunu təsdiqlədi.

Xocalı soyqırımının tanınması beynəlxalq aləmdə Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımlarını pisləyir, yolverilməz olduğunu bildirirlər. İstər diaspora, istərsə də Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar tərəfindən davamlı işlər aparılır və bu mühüm işlərin nəticəsi olaraq, bir çox dövlətlərdə Xocalı faciəsinə rəsmi münasibətlər bildirilməkdədir.

Dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməkdədir. İndiyədək, bir çox ölkələr tam və ya parlament səviyyəsində faciyənin qətliam kimi tanınmasına dair sənədlərə imza atıblar.

31 ildir ki, doğma yurdlarında didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri, nə vaxtsa yenidən öz doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayırlar.

Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində şanlı Azərbaycan ordusunun parlaq qələbəsi sayəsində 2020-ci il Azərbaycan tarixində Qələbə ili kimi yadda qaldı. Güclü siyasi iradə, qüdrətli iqtisadi potensial, mərd ordu, xalqın və onun rəhbərinin birliyi, cəmiyyətdə böyük yüksəliş, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. 30 illik həsrətə son qoyuldu, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin edildi.

1994-cü il martın 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı xüsusi fərman verdi və Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli hüzn” günü elan edilmiş və bu barədə bütün beynəlxalq təşkilatlar məlumatlandırılmışdır.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycanda olduğu kimi, dünyanın bir çox ölkələrində də qeyd olunur. Azərbaycanın səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da anım mərasimləri və konfranslar təşkil edirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən fotogüşələr, sənədli filmlər, bu faciə ilə bağlı həqiqətləri əks etdirən kitablar nümayiş etdirilir.

Bu gün, Xocalı soyqırımı qurbanlarının, eləcə də bütün şəhidlərimizin qisasını alarkən xalqımız Bakıdakı “Ana fəryadı” abidəsini başını dik ziyarət edir. Xocalı soyqırımının anım günü artıq Azərbaycan xalqının birliyinin simvoluna çevrilib.

Mütlək, qeyd etmək lazımdır ki, Soyqırımın təşkilatçıları və icraçıları baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır.

Hal-hazırda, bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdilər, ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Odur ki, Heç nə və hec kim, hec vaxt unudulmur!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İlham Quliyev

SOCAR, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Böyük mühəndis