Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının 10 illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
26 fevral 1992-ci il. Bu tarix tək Azərbaycanın deyil, eləcə də dünya tarixinə qanlı həriflərlə yazılıb. Hər il olduğu kimi bu ildə Azərbaycan xalqı Xocalı faciəsini dərin ehtiramla yad edəcək. Məsələ ilə əlaqədar SƏS TV olaraq Ana harayı abidəsi önündəki hazırlıq prosesi ilə yaxından tanış olduq.

Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovla söhbət zamanı o bizə bildirdi, hər il olduğu kimi bu ildə hadisənin ildönümü ilə əlaqədar olaraq vətəndaşlarımızın Ana harayı abidəsini ziyarət etməsi üçün hazırlıq işlərinə başlanılıb.

Onun sözlərinə görə, parkda həyata keçirilən təmizlik və abadlıq işlərinə ayın əvvəlindən başlanılıb: "İlk növbədə ərazi nəzarətdən keçirilib, çatışmazlıqlar qeyd olunmuşdur. Parkdakı işıq dirəkləri, oturacaqlar, səkilər rənglənərək təzələnib. Abidə kompleksinin yerləşdiyi park-xiyabana 50 min mövsumi çiçəklər, kollar gətirilib. Bunların da əkilməsi işlərinə başlanılıb. Eləcə də parka gələn yollarda fasatlar yenilərək, güllər əkilir. Park ərazisində baş verən çatışmazlıqlar ilboyu nəzarət edilərək, təmin edilir”.

Xocalı facisəsinin 31-ci ildönümü ilə əlaqədar olaraq hazırlıq prosesində iştirak edən “Ağçiçəyim” gül salonunun işçisi olan Rüfət bəyə yaxınlaşıb suallarımızı ona ünvanladıq.
Onun sözlərinə görə, hazırlıq proseslərinə bu gündən başlanılıb: "Güllərin düzülməsi ayın 25-nə kimi davam edəcək. Səhər saat 8-9 radələrindən iş prosesinə başlayırıq və axşam kimi işlərimizi görürük. Təxminən burada 50-60 min qərənfil var ki, onların da hər biri Türkiyədən gətirilib. Hazırda 10 nəfər hazırlıq prosesində iştirak edir, lakin sabahdan işçi qüvvəsini çoxaldacayıq”.

Daha sonra Ana harayı abidəsi üzərinə gül qoyan məktəblilərlə, eyni zamanda ziyarətçilərlə söhbətləşib, Xocalı faciəsi barədə onların nə qədər məlumatlı olduqlarını öyrəndik.

Məktəbli Cavid Məmmədhəsənov: “Mən 55 nömrəli tam orta məktəbin 5 b sinif şagirdiyəm. Bizim sinifimizdə müəllimələrimiz daima bizə Xocalı faicəsi barədə məlumatlar verirlər. Bilirəm ki, Xocalı bizim qan yaddaşımızdır. Bizim orada çoxlu sayda insanlarımız şəhid olub. Lakin 44 günlük Vətən mübaribəsi nəticəsində Azərbaycanın qeyrətli oğulları bizim haqqımızı alıb, qanımızı yerdə qoymadılar”.

Məktəbli Uğur Əliyev: “Biz bilirik ki, Xocalı faciəsi nəticəsində erməni quldurları azərbaycanlı vətəndaşları öldürüb, sağ qalanları isə əsir götürüblər. Onlar bizim dinc və əliyalın əhalimizə qarşı çox amansızcasına zoraklıq törədiblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Məktəbli Araz Nəsirli: “Biz bu gün Xocalı faciəsində şəhid olan insanların əziz xatirəsini yad etmək məqsədi ilə Ana harayı abidəsinin önünə yığışmışıq. Xocalı hadisələri bizim hər zaman qan yaddaşımız olaraq qalacaq. Orada baş verənləri dünya ölkələri yaddan çıxartsa da, biz Xocalı faciəsini ilk günkü kimi xatırlayıb, yada salacayıq. İnşallah gələn il biz Xocalı şəhidlərimizin xatirəsini Xocalının özündə dərin ehtiramla yad edərik”.

Məktəbli Fərəh Mustafalı: “Hər il bütün azərbaycanlılar Xocalı faciəsini yad etmək üçün Ana harayı abidəsinə gəlməlidir. Çünki bu hadiəsələr bizim tariximizdə unudulmaz faktdır. 1992-ci il 25-dən 26-na keçən gecə ermənilər Azərbaycan xalqına qarşı terror aktı törədib”.

Məktəbli Ayxan Şirzadə: “Xocalı faciəsi elə dəhşətli bir hadisədir ki, təkcə Azərbaycan xalqı deyil, bütün dünya ölkələri bizim kimi bunlardan xəbərdardırlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün əsgərlərimizi qorusun”.

Məktəbli Salavat Bünyadov: “Allah bütün Xocalı faciəsində qətlə yetirilən insanlara rəhmət eləsin. Biz o günləri çox dərin hüzunlə xatırlayırıq. Məktəbdə bizim müəllimələrimiz bununla bağlı bizə məlumat verirlər”.

Müəllim Svetlana Hüseynova: “Biz bu gün şagirdlərimizi Xocalı faciəsi barədə realıqları göstərmək üçün Ana harayı abidəsinə gətirdik. Mən bir insan kimi bu hadisələr barədə oxuduqda və ya danışdıqda öz göz yaşlarımı saxlaya bilmirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz öz şagirdlərimizə bununla bağlı daima məlumat veririk”.

Müəllim Samir Quliyev: “Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. Onlar bizim xatirəmizdən heç bir zaman çıxmazlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xocalı faciəsində qətlə yetirilən balalarımızı, qocalarımızı, cavanlarımızı daima yad edirik.

Müəllim Aynur Məmmədov: “1992-ci il 26 fevral tariixndə Azərbaycan xalqına bədbəxtlik üz verdi. Bu hadisələr hər birimizin silinməz və sağalmaz yarasına çevrildi. Orada qətlə yetirilən hər bir azərbaycanlının xatirəsini ürək ağrısı ilə anırıq. Allah onların hər birinə rəhmət eləsin”.

Müəllim Namiq İbrahimov: “Xocalı soyqırımı xalqımızın ağır dərdidir. Biz hər il öz məktəblilərimizlə birgə Xocalı abidəsini yad etməyə gəlirik. Uşaqlarımıza bu hadisələri unutdurmarıq. Ermənilər bizim dinc əhalimizə qarşı amansız terror aktı törətdilər. Biz bu hadisələr barədə məlumatları dünya miqyasında genişləndirib, hər kəsin diqqətinə çatdırmalıyıq”.