Ermənistana dəstək vəd edən MOLLA REJİMİ ÖZÜ ÇƏTİN DURUMDADIR – TƏHLİL

22 Fevral 2023 20:56 (UTC+04:00)

Çoxdandır ki, İranda etirazların artmaqda olduğunu bütün dünya ictimaiyyəti müşahidə etməkdədir. Görünən odur ki, İran ictimaiyyəti molla rejimindən həddindən artıq narazıdır və tətbiq olunan repressiyalara baxmayaraq etirazlar səngimək bilmir, əksinə getdikcə daha da kəskinləşir. Bu vəziyyət isə artıq molla rejiminin çətin duruma düşməsi deməkdir, çünki hadisələrin nəticələri istənilən halda bu rejim üçün yaxşı heç nə vəd etmir.

Rəsmi Tehranın ciddi narahatçılıq keçirməsinin birinci səbəbi İran şahının varisi Rza Pəhləvinin siyasi arenada fəallaşmasıdır. Ola bilsin ki, bu zamana qədər molla rejimi etirazların xaotik şəkildə olduğu səbəbindən həmin etirazları hansısa güc, təzyiq vasitəsi ilə dağıdacağına əmin idi, belə də edirdi və buna görə də bu günkü qədər narahat deyildi. Amma indi vəziyyət tamamilə başqalaşır və İranın mövcud hakimiyyəti başa düşür ki, ölkələrindəki etiraz hərəkatı zamanı lider ortaya çıxsa, rejim məhvə məhkumdur və İran şahının varisi Rza Pəhləvinin siyasi arenada fəallaşması artıq həmin rejimin yuxusunu ərşə çəkib. Çünki molla rejimi başa düşür ki, bu dəfə vəziyyət daha ciddidir və həm daxildə, həm də Qərb dairələrində Rza Pəhləvinin dəstəklənməsi əslində, həqiqətən də rəsmi Tehran üçün gərginliyin əməlli başlı artması deməkdir.

Getdikcə İranda etirazçılar arasında Rza Pəhləvini də, onun ideyalarını da, mövqeyini də dəstəkləyənlərin sayı artmaqdadır. Bunu elə İran şahının oğlu özü də getdikcə hiss edir və qüvvəsinə inanır da, güvənir də. Dünya mediasına müsahibəsində molla rejiminə onun mesaj ünvanlaması da təsadüfi deyildi və əlbəttə ki, bu güvəncdən qaynaqlanır. Xalq etirazlarını Pəhləvinin inqlab adlandırması isə İranın hakim dairələri üçün artıq qırmızı işıq deməkdir. Bu o deməkdir ki, inqlab ifadəsini işlədən Rza Pəhləvi lider olaraq vəziyyətə nəzarəti üzərinə götürsə, elə həmin o inqlab da baş verəcək və bu da İranın mövcud hakimiyyətinin məhvə məhkum olması anlamına gəlir. Molla rejimi onu da yaxşı bilir ki, Ermənistan kimi saxtakar ölkələrdən başqa bütün dünya İrandakı etirazları bəyənir. Hətta insanlar bu etrazları alqışlayırlar belə. Bütün sülhsevər, azadlıq arzusunda olan insanlar İrandakı etirazları dəstəkləyirlər. Bütün dünya belə hesab edir ki, həqiqətən də İranda bir inqlab olsa və sağlam düşüncəli qüvvə hakimiyyətə gəlsə, o zaman İran azad ölkəyə çevrilə bilər. Bir sözlə, dünya dövlətlərinin təmsil olunduğu dünya birliyinin İranda mollakratiya rejimini dəyişmək məqsədini qətiyyətlə qarşıya qoyduğu göz qabağındadır. Rza Pəhləvinin Münhenə dəvət olunması da təsadüfi deyildi. İranın gələcəyini necə təsəvvür etdiyini bilmək, bu ölkəyə rəhbərlik etmək qabiliyyətini müəyyən etmək, mollakratiyaya müqavimət göstərmək imkanlarını dəqiqləşdirmək, bir sözlə, onun “proqramı” barədə məlumat əldə etmək üçün Pəhləvi münhenə dəvət edilmişdi. Yalnız bu fakt onu deməyə əsas verir ki, Qərb İranın demokratik ölkəyə çevrilməsini yalnız yeni liderin olmasında görür və indiki İran rejiminə fəal şəkildə qarşı çıxır. Dünyanın belə bir qənaətdə olması özü belə molla rejimi üçün çətin durum deməkdir.

Molla rejimi bunu da bilir ki, Rza Pəhləvi Azərbaycan səfirliyinə qarşı terror aktına görə rəsmi Tehranı qınayıb. Məhz ölkəmizin İrandakı səfirliyinə qarşı terror aktı ilə əlaqədar Pəhləvinin dedikləri də İranın hakim dairələrinin kürkünə birə salıb. “Azərbaycanın Tehrandakı səfirliyinə hücum beynəlxalq hüququn pozulmasıdır”, deyən Rza Pəhləvi bildirib ki, İran rejimi beynəlxalq qanunlara məhəl qoymur. İndi İran rejimi Pəhləvinin Azərbaycana münasibətinin yaxşı olmasından da narahatdır və bu ölkədəki cənubi azərbaycanlıların onu dəstəkləməsindən tutmuş, onun Azərbaycana, azərbaycanlılara münasibətinin yaxşı olmasına qədər bütün məqamlar molla rejimi üçün arzuolunmaz məqamlardır. Çünki məhz bu məqamlar İrandakı mövcud rejimin məhvə məhkum olmasından xəbər verir və elə buna görə də molla rejimi narahatlıq keçirməyə başlayıb. Həqiqətən həmin rejimin narahat olması məntiqidir, ona görə ki, artıq əvvəlkindən dəfələrlə artıq dərəcədə çətin duruma düşüb. Bir tərəfdən də molla rejimi bilir və ona görə də daha çox narahatdır ki, Rza Pəhləvi Güney Azərbaycan xalqına yaxındır və şahın varisinin anası etnik azərbaycanlıdır.

“İran ərazisində yaşayan hər bir insan Güney Azərbaycan sakinlərinə hörmətlə yanaşmalıdır”, deyə bəyan edən Rza Pəhləvi açıq-aşkar şəkildə azərbaycanlıları dəstəkləyir. Eyni zamanda o, öz müsahibəsində İranın bu bölgəsindən olan etirazçı kütlələrin dəstəyinə açıq şəkildə ümid bəslədiyini də gizlətməyib, çünki onsuz da bilir ki, İran hakimiyyəti bundan xəbərdardır. Əksinə, belə bir dəstəyə ümid bağladığını bildirmək, həm də molla rejiminə açıq mesaj vermək deməkdir.

Hadisələrin gedişi göstərir ki, Rza Pəhləvi hakimiyyətə gəlsə, təkcə İran azərbaycanlılarının hüquqlarına riayət olunmasını təmin etməklə kifayətlənməyəcək, həm də hazırki rejimin bütün çirkin əməllərindən, uyğunsuz prioritetlərindən uzaq olacaq və hətta Azərbaycanla sözdə deyil, əməldə də dost münasibətlər qurmağa çalışacaq. Özünü ermənilərə dost, qardaş kimi təqdim edən indiki rejim üçün bu məqam da hakimiyyətdən uzaqlaşdıqdan sonra belə böyük zərbədir. Onlar hakimiyyətdən uzaqlaşsalar belə İranı tərk etməyəcəklər və artıq həmin ölkənin yeni hakimiyyətinin Azərbaycanla dostluq münasibətlərində olması molla rejiminin özünə qardaş adlandırdığı ermənilər qarşısında belə nüfuzunun sıfıra enməsi deməkdir, nəinki öz ölkəsinin vətəndaşları arasında. Deməli, narahatlıqlarının səbəbi çox məqamlarla bağlıdır və görünür çətin durumda olduqlarının artıq fərqindədirlər.

Hər kəs yaxşı bilir ki, faktiki olaraq azərbaycanlı əhali İrandakı etiraz hərəkatının əsasını təşkil edir. Bu isə o deməkdir ki, İranın yeni lideri həmin əhalinin maraqlarını indi nəzərə aldığı kimi, hakimiyyətə gəldikdən sonra da nəzərə alacaq. Yəni, İranın öz maraqları ilə yanaşı, yeni hakimiyyətə gələcək lider çoxmillətli, çoxlu milli qrup və xalqlardan ibarət dövlətdə azlıq sayılmayan, İranda əhəmiyyətli bir qüvvəni təmsil edən azərbaycanlıların da maraqlarından çıxış edəcək. Ağlı başında olan bir lider hər zaman çoxluğa arxalanmalıdır, çünki sabitlik, stabillik, tərəqqi, islahatlar, gələcək iqtisadi yüksəliş, ümumiyyətlə, hər sahədə inkişaf bu gün hakimiyyətdə olan İran din xadimlərinə və radikallara etiraz edən əhali ilə qarşılıqlı razılaşma əsasında mümkün ola bilər.

Bu gün İrandakı kütləvi etirazlara səbəb elə həmin o qarşılıqlı razılaşmanın olmamasıdır. Molla rejimi həmin o qarşılıqlı razılaşma əvəzinə etirazçıları təqib etməyi doğru hesab edir. Elə buna görə də repressiyalara əl atır və bu səbəbdən də etirazçılar işgəncələrə məruz qalırlar. İran həbsxanaları artıq etirazçılarla doldurulub və etirazçıların həbs edilməsi bu ölkədə adi hala çevrilib. Hətta bəziləri asılır, edam belə edilirlər. Bu vəziyyət İran üçün çox acınacaqlı haldır və əhalinin bununla barışacağını düşünənlər bərk yanılırlar, çünki kütlənin səbrinin daşması xaosun yaranması üçün birinci şərt hesab olunur. Göründüyü kimi, nə işgəncələrin verilməsi, nə etirazçıların həbs edilməsi, nə də edam edilməsi prosesin qarşısını ala bilmir. Ümumiyyətlə, molla rejiminun repressiyaları belə etirazların getdikcə böyüməsinə mane olmur, əks halda etirazların az da olsa zəiflədiyini müşahidə edərdik. Bir sözlə, İran rejiminin son variantı belə bu rejimi xisal etmir. Deməli, etirazçıları sıxıntılara salmaqla, repressiyalara məruz qoymaqla, həbs, yaxud edam etməklə, çətin durumda qoymaq, bununla da onları etirazlardan daşındırmaq istəyən molla rejimi özü çətin durumdadır, özü də ciddi şəkildə. Bu rejimin ən gülünc vəziyyəti isə odur ki, Ermənistana dəstək vəd edən həmin rejimin öz durumu heç də onlarınkəndan üstün deyil, olduqca çətindir.