Laçında Ekoloji məsələlər üzrə İşçi Qrupun iclası keçirilib

22 Fevral 2023 16:15 (UTC+04:00)

Laçında Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib.

SİA-nın məlumatına görə, iclası giriş sözü ilə açan ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev işğaldan azad edilmiş ərazilərimizdə ekolpgiyanın bərpası istiqamətində görülmüş işlər barədə məlumat verib.

O bildirib ki, Azərbaycan 20-yə yaxın beynəlxalq konvensiyanın üzvüdür: "30 ilə yaxın işğal altında olmuş ərazilərimizdə ekologiyamıza vurulmuş zərərlə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik. Lakin heç bir cavab verilməyib".

Nazirliyin Ekosiyasət şöbəsinin müdiri Mehman Nəbiyev isə 2021-2023-cü illərdə azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, daha 100 hektar ərazidə meşə sahəsi salınacaq.

Tədbirdə, həmçinin, Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov, "Təmiz Şəhər" ASC-nin şöbə müdiri Səbuhi Babayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Bəhruz Nuriyev, Qarabağ İqtisadi rayonunda bərpa, tikinti və idarəetmə publik hüquqi şəxsin icraçı direktor müavini Səbuhi Abdullayev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və digər rəsmilər çıxış ediblər.