Pakistan Türkiyəyə yardımlarını davam etdirir

21 Fevral 2023 15:44 (UTC+04:00)

Türkiyənin İslamabaddakı səfiri Mehmet Paçacı Türkiyədə baş verən zəlzələ ilə bağlı mətbuata açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə baş verən dağıdıcı zəlzələlərlə bağlı son məlumatları paylaşan Paçacı Pakistanın başlatdığı yardım fəaliyyətlərinə də toxunub.

Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Paçacı, Türkiyədə baş verən zəlzələnin Pakistanda da çox yaxından izlənildiyini ifadə edərək, "Pakistan dövlət və millət olaraq hər zaman olduğu kimi Türkiyənin yanında olduğunu göstərdi" deyib.

Pakistan Milli Fəlakət İdarəsi Agentliyinin (NDMA) zəlzələnin ilk günündən səfirlik ilə sıx əməkdaşlıq etdiyini bildirən Paçacı, dünyanın ən əhəmiyyətli çadır istehsalçısı ölkələrindən biri olan Pakistanda yüksək keyfiyyətli çadır istehsal edən bir çox firmanın olduğunu bildirib.

Pakistanın bu vəziyyətdən istifadə edərək Türkiyəyə çoxlu sayda çadır istehsal edib göndərmək üçün çalışdığını ifadə edən Paçacı bunun NDMA vasitəsilə reallaşacağını bildirib.