“Bayramların əsas atributlarından biri də gözəl süfrələrdir. Günümüzün reallığında süfrələrin gözəl olması ilə yanaşı, sağlamlığa zərər verməməsi də əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında diyetoloq Sevinc Həsənzadə bildirib.
O bildirib ki, Novruz bayramında süfrəmiz bol, dadlı və kalorili təamlarla dolu olduğundan, bayramda qidalanma çox zaman problemlərə də yol açır: “Bayramda zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı şəkildə istehlakına diqqət etmək lazımdır. Xüsusilə də bişmiş qidaların həzmini asanlaşdıran təzə tərəvəz salatlarına üstünlük verilməlidir: "Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzm olunmasını asanlaşdırır. Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Çalışın ki, bir yemək saatında üçdən artıq çeşiddə yeməyin. Yüksək qidalılıq dəyərinə malik məhsullardan olan mayonezdən yeməklərin, salatların hazırlanmasında geniş istifadə olunur”.
S.Həsənzadə sözlərinə belə davam edib: “Belə hallarda mayonezi qatıqdan hazırlanmış sous, xama, kefirlə əvəz edin. Mayonezli məhsulların keyfiyyətinə təsir göstərən əsas amil onların düzgün şəraitdə saxlanmamasıdır. Mayenin düzgün qəbul edilməsi də sağlam qidalanmanın vacib şərtlərindəndir. Şirniyyatlara gəldikdə isə bayramda əlbəttə ki, süfrənin bəzəyi olan qoğal, şəkərbura, paxlava və s. əksik olmur. Bu məhsulları səhər yeməyi əvəzi bir stəkan çayla içib, yeyə bilərsiniz. Bu şirniyyatlar tərkibindəki karbohidrat, yağ və şəkərə görə yüksək kaloriyə malik qidalar sayılır. Ürək xəstələrində təzyiqin artması nəticəsində insult ola bilər. Şəkər xəstələrində isə kalorili qidalar qanda şəkərin yüksəlməsinə gətirib çıxara bilər. Gəlin bunları da unutmayaq!”.