“Artıq iki aydan çoxdur ki, Azərbaycan fəalları dinc aksiya keçirərək təbii sərvətlərimizin qeyri-qanuni istismar olunmasının qarşısını almağa çalışırlar. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu mənada da ikili yanaşmalar, qeyri-obyektiv kənar mövqelər özünü göstərməkdədir. Əsassız olaraq guya Azərbaycan tərəfindən dövlətimizin ərazisində yaşayan ermənilərin gediş-gəliş imkanlarının məhdudlaşdırılması haqqında fikirlər səsləndirilir. Həm Fransa, həm də Avropa Parlamentində bu mövzu ilə bağlı Azərbaycana qarşı qərəzli mövqelər sərgiləndi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, ümumiyyətlə, dünyada haqq-ədalət meyarı itib: “Azərbaycan öz mövqeyində haqlıdır. Biz dəfələrlə müvafiq strukturlar qarşısında məsələ qaldıraraq bildirmişik ki, Ermənistan işğal altında saxladığı dövrdə Azərbaycan təbiətinə olduqca geniş miqyasda zərər vurub, təbii sərvətlərimizi cinayət yolu ilə talayıb, mənşəyini dəyişdirərək dünya bazarlarında sataraq qeyri-qanuni gəlir əldə edib. Təəssüf ki, bu istiqamətdə beynəlxalq mövqe görməməkdəyik”.
Deputat sözlərinə davam edərək bildirib ki, amma Azərbaycan fəallarının dinc ekoloji aksiya keçirərək ermənilər tərəfindən təbii sərvətlərimizin talanmasının nəhayət dayandırılmasını tələb etmələri reaksiya doğurmağa başladı: “Bu reaksiya yenə də ədalətsiz və qeyri-obyektivdir. Yenə də Azərbaycan əsassız ittihamlara məruz qalır. Münxen Təhlükəsizlik Konfransında da cənab Prezident İlham Əliyev bir daha bu iddialara cavab olaraq bildirdi ki, Laçın yolu Azərbaycan fəalları tərəfindən bağlanmayıb, hətta 2500-dən artıq avtomobil hərəkət edib. Azərbaycan fəallarının tələbi ondan ibarətdir ki, təbiətimizə qarşı terror dayandırılsın. Həm də nəzərə almaq lazımdır ki, ermənilər yaşadıqları Azərbaycan torpaqlarında təbii sərvətlərimizi talayaraq gəlir əldə etməklə separatizmi ayaqda saxlayırlar. Bunun özü də bizim milli təhlükəsizliyimizə çox ciddi təhdid yaradır. Ona görə də hesab edirəm ki, Azərbaycan öz mövqeyində tam haqlıdır. Biz bütün ərazilərimiz boyunca suverenliyimizi təmin etməliyik ki, təbiətimizi də etibarlı şəkildə qoruya bilək”.