“Nəsillərarası problemlər bütün dövrlər üçün aktual olub. Bəzən düşünülür ki, zaman dəyişdikcə bu proseslər də dəyişər. Lakin önəmli olan zaman deyil, inkişaf etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, hazırda yaşlı nəsil nümayəndəsi olan şəxs bir zamanlar özü də gənc olub: “Bəzi məsələlərə gənc nəsil artıq sərbəstəm düşüncəsi ilə yanaşır. Yaşlı nəsil isə bu cür hallarda gənc nəslə istiqamət verməli olduğunu düşünür. Bu cür hallarda ən böyük problem yaşlı nəslin gənc nəsli qəbul etməməsidir. Onlar vaxtıkən etdikləri səhvləri indiki gənclərin etməsini istəmirlər. Gənc nəsil isə bunu yaşlı nəslin onların daim işinə qarışması kimi qəbul edir. Buna görə də bu problem öz aktuallığını bütün dövrlər üçün qoruyur.
Hazırki yaşlı nəsil bəzi hallarda tabe olurlar. Bunun səbəbi isə texnikanın inkişafı, gənclərin yaşlarının az olmasına baxmayaraq, dünyagörüşlərinin daha yaxşı inkişaf etməsidir. Ümumi olaraq isə bu problemin həlli üçün yaşlı nəsil az da olsa gəncləri başa düşməlidir. Gənclər isə yaşlı nəslin onları qorumağa çalışdığını anlasa, problemlər getdikcə azalar”.