Ruben Vardanyan Araik Arutyunyana qarşı silahlı müqavimətə hazırlaşır SİYASİ RAKURS

21 Fevral 2023 11:30 (UTC+04:00)

Qondarma “dövlət naziri” istefaya göndərilsə belə, Qarabağda qalmağı və silahlı müxalifət qurmağı planlaşdırır

Qarabağda - Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə qalan separatçı tör-töküntüləri arasında qarşıdurmalar davam edir. Həmin qarşıdurmalar çərçivəsindəki əsas mövzu isə Azərbaycanın Qarabağ regionuna qanunsuz daxil olmuş və özünü “dövlət naziri” elan etmiş erməni mənşəli rusiyalı cinayətkar oliqarx Ruben Vardanyanın mövcud “isteblişmentdən” kənarlaşdırılması prosesidir. Belə ki, əldə etdiyimiz məlumata görə, “Azadlıq Radiosunun” (“Azatutyun”) erməni şöbəsində qondarma “prezident” Araik Arutyunyanın Vardanyanı tutduğu “vəzifəsindən” azad etmək, onun yerinə isə Qurgen Nersisyanı “təyin etmək” barədə çaba göstərməsi qeyd olunur.

Tiqran Petrosyan: “Artıq Ruben Vardanyanın getməsi barədə qərar qəbul olunub”

Bu arada, adıçəkilən radio onu da qeyd edib ki, separatçılardan biri – Tiqran Petrosyanın bildirdiyinə görə, o, həmin məlumatı məhz Arutyunyan və Nersisyanla görüşündən sonra əldə edib. Onlar etiraf ediblər ki, əsas güclərini məhz Vardanyanın kənarlaşdırılmasına doğru yönəldiblər. SİTAT: “Əvvəlcə Qurgen Nersisyanla görüş oldu və o, həmin ərəfədə mənə dedi ki, artıq Ruben Vardanyanın getməsi barədə qərar qəbul olunub. Onun hansı yolla gedəcəyi bəlli deyil, amma mənə deyildi ki, gedəcək və Araik Arutyunyan da ona (Nersisyana) ”dövlət naziri” olmağı təklif edib”.

Məhz bu məqamdan da aydın görünür ki, çox yaxın vaxtlarda Qarabağdakı separatçı tör-töküntüləri arasındakı qarşıdurmalar daha da intensivləşəcək, hətta ayrı-ayrı qruplaşmalar fonunda barışmaz intriqalarla müşahidə ediləcək. Əbəs deyil ki, Tiqran Petrosyan “Azatutyun”a müsahibəsində bunu istisna etməyib. SİTAT: “…Mən bilirəm ki, Ruben Vardanyan istefaya getməyəcəyini deyir, amma digər tərəfdən, Araik Arutyunyan onu istefaya göndərəcək”.

Tiqran Qriqoryan: “Vardanyan Qarabağda qalmağa davam edəcək və bu dəfə əks-düşərgəyə keçməklə “müxalifət güclərinin konsolidasiyasına” çalışacaq”

Maraqlıdır ki, bu informasiyanı açıq şəkildə nə Arutyunyan, nə Vardanyan, nə də Nersisyan təsdiq etməyiblər. Yəni ortada olan mövzu, sadəcə, separatçılar daxilində gəzən söhbətlər əsnasında ictimailəşib. Lakin danılmaz fakt budur ki, separatçılar kəskin qarşıdurmalara hazırlaşırlar və bu qarşıdurmaların silahlı münaqişəyə çevrilməsi mümkünlüyü də proqnozlaşdırılır. Misal üçün, erməni analitiki, “Demokratiya və təhlükəsizlik regional mərkəzi”nin rəhbəri Tiqran Qriqoryan KİV-lərə açıqlamasında deyib ki, Vardanyan tutduğu “vəzifəsindən” azad olunacaq. O da Vardanyanın “baş prokuror” Nersisyanla əvəzlənəcəyini təsdiqləyib. Lakin bununla yanaşı, Qriqoryan bildirib ki, Vardanyan Qarabağda qalmağa davam edəcək. SİTAT: “Vardanyan Qarabağda qalmağa davam edəcək və bu dəfə əks-düşərgəyə keçməklə “müxalifət güclərinin konsolidasiyasına” çalışacaq”

Xatırlada bilərik ki, bir müddət əvvəl erməni mətbuatında Ruben Vardanyanın artıq özünə yeni çevrə toplaması barədə məlumatlar yer almışdı və həmin çevrənin silahlı müqavimət göstərəcəyi də istisna olunmurdu. Son proseslər isə bir daha təsdiq edir ki, artıq separatçılar arasındakı körpülər tamamilə yanıb və bu xüsusda, onlar öz acınacaqlı aqibətlərini düşünmələri yerinə hələ də “hakimiyyət davası” döyürlər. Unudurlar ki, Bakı onların nazları ilə çox oynamaq fikrində deyil və yaxşı olardı ki, daha ağır zərbələrə məruz qalmamaları üçün onlar Azərbaycanın Qarabağ regionunu necə tərk etmələri barədə baş sındırsınlar...

Rövşən RƏSULOV