18-19 fevral 2023-cü il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyi”-nin və “Türkiyə Kolon və Rektum Cərrahi Dərnəyi ”-nin birgə təşkilatçılığı ilə həyata keçirilmiş və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri” mövzusunda Beynəlxalq Elmi Konqres yekunlaşıb.
200-ədək mütəxəssisin o cümlədən müxtəlif dövlət qurumlarının rəsmi nümayəndələrinin iştirak etdiyi Konqresin rəsmi açılış hissəsindən öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar ilk növbədə Fəxri Xiyabanı ziyarət edib və Ümummilli liderin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Konqresin ilk günü rəsmi açılış hissəsi Azərbaycan Respublikasının və Türkiyə Cumhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə öz işinə başlayıb. İki gün davam edən Konqresin rəsmi açılış hissəsində ATU-nun Elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyi”-nin sədri, professor Xaləddin Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, “Türkiyə Kolon və Rektum Cərrahi Dərnəyi ”-nin sədri, professor Ayhan Kuzu, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov və Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev çıxış edib.
Konqres zamanı 44 günlük Vətən müharibəsi şəhidlərinin və Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərin də əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Eyni zamanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş video-çarx azərbaycan və türk dillərində nümayiş etdirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilmiş konqresdə Azərbaycan və Türkiyənin qabaqcıl özəl, dövlət və universitet xəstəxanalarının professor heyəti tərəfindən 8 paneldə ümumilikdə 23 məruzə dinlənilib. Konqres sual-cavab sessiyaları və panel müzakirələri şəklində həyata keçirilib. Link: https://youtu.be/kgtTkBR3sXU