Münxen görüşü: Nikol Paşinyanın diplomatik kapitulyasiyası ANALİTİK+AKTUAL

20 Fevral 2023 09:41 (UTC+04:00)

Bakı bundan sonra İrəvanın nazı ilə oynamaq fikrində deyil!

Almaniyanın Münxen şəhərində keçirilən ənənəvi konfransdan əvvəl mediada belə bir fikir gəzirdi ki, Azərbaycan və Gürcüstanın iştirak edəcəyi Cənubi Qafqaz platformasındakı panel diskussiyada Ermənistan iştirak etməyəcək. Belə ki, daha əvvəl Davos İqtisadi Forumunda da Ermənistan rəhbəriyi bənzər platformada keçirilmiş panel toplantıda iştirak etməkdən yayınmışdı. Lakin Münxen konfransının gedişatı zamanı, daha dəqiq desək, son anda məlum oldu ki, Ermənistanın baş naziri Nikol Paşinyan panel toplantıda iştirak etmək qərarına gəlib. Lakin bu qərarın da onun özü tərəfindən verilmədiyi daha çox görünürdü. Xüsusilə, erməni baş nazirinin boyunduruğunun Fransa rəhbəri Emmanuel Makronun əlində olması daha qabarıq müşahidə edilirdi. Əbəs deyil ki, Azərbaycan Prezidenti bu barədə də açıq şəkildə bəyan etdi. Bütün bunlar öz yerində…

İlham Əliyev “Vardanyan layihəsinə” zərbə endirdi

Başqa tərəfdən isə diqqətçəkən daha bir məqam isə bu oldu ki, Nikol Paşinyan son vaxtlar bəlli dairələrin müəyyən dəstəyini hiss etdikdən sonra, sanki cürətləndiyini nümayiş etdirməyə cəhdlər göstərdi, amma onun bu cəhdləri növbəti diplomatik kapitulyasiyası ilə nəticəsini tapdı. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin panel diskussiyada istər Paşinyana, istərsə də erməni baş nazirinə sanki “qaz” verən avropalı moderatora siyasətlə yanaşı, həm də debat dərsi keçməsi özünü bütün cəhətlərdən sübuta yetirmiş oldu. Diqqətçəkən məqamlardan biri də əlbəttə ki, Qarabağdakı separatçı rejimə daxil olan “Vardanyan layihəsi” idi ki, dövlətimizin başçısı bu faktla da qarşı tərəfə zərbə endirməklə sülh prosesinin əldə edilməsində hansı tərəfin maneçilik törətdiyini isbatlamış oldu. Bakı açıq şəkildə sübut etdi ki, bundan artıq səbr etmək, İrəvanın nazı ilə oynamaq fikrində deyil!

Laçında nəzarət buraxılış məntəqəsinin qurulması faktiki olaraq ermənilərin saxlamağa cəhd etdikləri “miatsum” layihələrini məhv edir

Eyni zamanda, belə bir informasiya məlum oldu ki, son üç ildə aparılan danışıqlarda Ermənistanın prosesi uzatması cəhdləri artıq rəsmi Bakının səbrini tükəndirib və bu baxımdan, Bakı İrəvana sərhədlərin delimitasiyası çərçivəsində təklif verib ki, Ermənistandan Laçına, həmçinin Zəngilandan Naxçıvana gedən yol üzərində nəzarət buraxılış məntəqəsi qoyulsun. Azərbaycan Prezidenti bu təklifin irəli sürüldüyünü bəyan edərək bu məsələdə də Ermənistan tərəfindən cavabın verilmədiyini bildirib. Dövlətimizin başçısı faktiki olaraq erməni baş nazirinə sübut edir ki, regionda sülhün bərqərar olması üçün irəli sürülən cəhdlər, məhz Bakı tərəfindən edilir – yəni nəzarət buraxılış məntəqəsi istəyirlərsə, onda bu barədə müzakirələr aparılsın. Rəsmi Bakı bu mənada yaxşı bilir ki, məhz bu varinat İrəvanın sülh danışıqlarındakı süni uzatma prosesini dalana söykəyir. Çünki Laçın yolu üzərindəki nəzarət buraxılış məntəqəsinin qurulması bütövlükdə və faktiki olaraq ermənilərin saxlamağa cəhd etdikləri “miatsum” layihələrini məhv edir. Hansı ki, bu gün Qarabağda qalan separatçı tör-töküntülərinin, eləcə də erməni silahlı qüvvələrinin qalması da həmin layihənin tərkib hissəsidir.

Ermənistan danışıqlar prosesində “Qarabağ” ifadəsindən kənarda qalmalıdır!

Digər tərəfdən, Prezident İlham Əliyev bəyan etdi ki, Bakı sülh danışıqları ilə bağlı İrəvandan yeni cavablar alıb. Onun sözlərinə görə, irəliləmə olsa da, çətinliklər qalmaqda davam edir. Bunu isə belə əsaslandırmaq olar ki, Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, sözügedən məsələdə İrəvan Qarabağla bağlı ayrıca müddəa irəli sürüb. Halbuki Bakı qəti olaraq Ermənistanın sülh danışıqlarında belə bir bəndin olmasını qəti olaraq rədd edir. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar və onların təhlükəsizliyinə də rəsmi Bakı zəmanət verir. Həmçinin, sonrakı proseslərdə, məhz Qarabağın erməni icması ilə müəyyən danışıqlar aparmaq olar ki, bu proses sülhün əldə edilməsində önəmli rol oynaya bilər. Ermənistan tərəfi bu reallığı dərk etmək məcburiyyətindədir.

Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq və açıq şəkildə erməni baş naziri Paşinyana diplomatik kapitulyasiya yaşatdı. Ermənistan ya Bakının tələblərini yerinə yetirməli, ya da düşdüyü ağır böhrandan çıxa bilməməsi bu ölkəni daha dərin uçuruma doğru yuvarladacaq.

Rövşən RƏSULOV