“Bu gün Qaradağlı faciəsindən 31 il ötür. Bu faciə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir. Düşünürəm ki, bu Xocalı soyqırımından sonra törədilmiş ən dəhşətli faciə idi. Qaradağlı faciəsi 1992-ci il fevralın 14-dən başlayaraq 17-ə qədər baş tutub”. Bu sözləri SİA-ya açıqlamasında Tarix elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Qafqaz Xalqları tarixi kafedrasının müəllimi Ülkər Məmmədzadə bildirib.
Onun sözlərinə görə, 1992-ci ildən ermənilər bunu öz havadarlarının gücü ilə həyata keçirirdilər: “Fevralın 17-də Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu və bu döyüşlər nəticəsində 118 nəfər əsir götürüldü və onların çoxu ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bundan əlavə 90-a yaxın mülki şəxs də həyatını itirmişdir. Bu hadisələr bir daha ermənilərin vandallığını göstərdi. Qaradağlı faciəsinin qisası alınsa da, bu faciə Azərbaycan tarixinə qan yaddaşımız kimi həkk olunub”.