Azərbaycan Respublikasının əməkdar artisti, aktrisa Münəvvər Əliyeva SİA-ya müsahibəni təqdim edir :
- Azərbaycan Teatrında ən böyük çatışmazlıq nədir ?
- Mən aktrisayam və məni daha çox rejissor tərəfindən mənə verilən rolun öhdəsindən uğurla gəlmək maraqlandırır. Teatrdakı çatışmazlıq ilə həm nəzəri problem olaraq, həm də praktik tərəfləri ilə daha çox təhsil sistemində çalışanlar, teatrşünaslar məşğul olur. Xüsusilə də bu cür məsələlərlə daha çox teatr menecmentləri məşğul olmalıdır. Lakin qeyd edə bilərəm ki, çatışmazlıqların əsasında təhsil dayanır. Burada müasir dramturgiya, aktyor məktəbinin hansı səviyyədə olmasının da mühüm rolu var. Düşünürəm ki, beynəlxalq əlaqələr genişləndirilsə, teatrın inkişafı üçün daha çox yeni addımlar atıla bilər.
- Bu gün teatra müraciət edən tamaşaçıların sayı sizi qane edir ?
- Düşünürəm ki, bu gün teatra müraciət olduqca çoxdur. Adətən teatrda zal hər zaman dolu olur. Hətta özümüz yaxınlarımızı belə bəzən tamaşaya dəvət etmək üçün yer tapa bilmirik. Lakin təbii ki, tamaşaçı sayı bundan da çox ola bilər. Əslində teatrın reklamı gözəl getsə, tamaşaçı sayının azlığından söhbət belə gedə bilməz.
- Teatrda yeni nəsil aktyorlara, gənclərə nə dərəcədə yer verilir ?
- Hazırda gənc nəslə daha çox yer verilərək, onlara xüsusi diqqət yetirilir. Mənim bu sənətə başladığım zamanda belə deyildi. Çətinliklər çox olurdu və hər kəs buna tab gətirə bilmirdi. Bizim gənclik dövrümüzdə bizdən böyüklərlə hesablaşmaq çətin, onların bizə nə dərəcədə dəstək olması da sual atında idi. İndi isə bizlər gənc nəsil üçün əlimizdən gələn köməyi etməyə çalışır, onlara daim dəstək oluruq. Amma düşünürəm ki, gənclərimiz də daha çox serial və kinolara qaçırlar. Teatr isə elə bir yerdir ki, burada çalışan insan bu sənətin sözün əsl mənasında fədaisi olmalıdır.
- Yaxşı aktyor olmaq üçün nə etmək lazımdır ?
- İlk növbədə insan öz üzərində mütəmadi olaraq, çalışmalıdır. Eyni zamanda bədən, plastika, idman da mütləq şəkildə əhəmiyyət kəsb edir. Aktyor formasını itirməməlidir. Ən əsası isə yaxşı aktyor olmaq üçün insanın içində, dərinlikdə insanlıq, vicdan duyğu olmalıdır və bunu itirməməlidir.
- Azərbaycan teatrına hansı yeniliklərin gətirilməsini istərdiz ?
- İlk növbədə beynəlxalq əlaqələrimiz genişləndirilsə, teatrda böyük işlər görmək olar. Yeni tamaşalara müraciət edib, yeni istiqamətdə çalışmaq lazımdır. Eyni zamanda işıqların və s. yenilənməsi də vacibdir. Hansı ki, bu cür işlər külli miqdarda pul tələb edir. Tamaşalarımızın dünya bazarına çıxarılması üçün yeniliklərə imza atmaq lazımdır. Hansı ki, biz bunu etdik. Lakin ayda bir dəfə tamaşada oynamaqla dünya bazarına çıxmaq mümkün deyil. Bunun üçün biz festivallara getməliyik. Düşünürəm ki, əvvəllər olduğu kimi ilk öncə aidiyyatı qurumlar tamaşanı izləməlidirlər. Son illərdə, təxmini 10-15 ildir ki, biz bunu görmürük”.