"Peşəkar fəaliyyətimə inşaat menecmentində başladığım üçün onu deyə bilərəm ki, Allah uzaq eləsin, eyni şiddətdə zəlzələ Azərbaycanda da baş versə, H.Aslanov, Netfçilər m/st və Yasamalın yarısı yoxa çıxacaq. Belə ki, xüsusilə bu adlarını çəkdiyim ərazilərdə inşaat fəaliyyətləri aparılarkən texnoloji proseslərə, Şəhərin baş planına,Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə, TNTQ-lərə, AzDTN-lərə, Ara məsafələri haqqında müfəssəl qaydalara və bir çox normativ aktların tələblərinə riayət olunmayıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, çox ciddi pozuntular mövcuddur: "Onu da qeyd edim ki, dəmir-beton konstruksiyada istifadə olunan armaturların böyük əksəriyyəti Bakıda istehsal olunan, yəni yenidən emal olunan metallardan əldə edilmiş materiallardır. Sovet dövründə Azərbaycan və Gürcüstanda istehsal olunan armaturların yükdaşıyıcılırda, əsas konstruksiyalarda istifadə edilməsi ona görə icazə verilmirdi ki, bu materiallar xammaldan yox, yenidən emal edilə bilən materiallardan əldə olunurdu".
Ekspert sözlərinə davam edərək bildirib ki, 2008-2012 ci illərdə H.Aslanov m/st yaxınlığında tikilən binalarda layihə üzrə istifadə edilən beton 450 olduğu halda beton maşınları 10 saat-12 saat gözlədilir və betonun mikserdə qurumaması üçün daimi olaraq su əlavə edilirdi: "Daha sonra isə 10 saatdan sonra növbə çatanda həmin betonu döşəməyə və sütünlara vururdular.
Qeyd etdiyim məsələləri nəzərə alaraq və baş verə biləcək fəlakətlərin qarşısının alınması məqsədilə aidiyyatı dövlət qurumlarından xahişim odur ki, 2000-ci illərin əvvəllərindən bugünə qədər tikilmiş yeni binaların vəziyyəti ilə bağlı əsaslı monitorinqlər aparıb ölkə rəhbərliyinə və ictimaiyyətə məlumat versinlər".