Qan dövranını sürətləndirən qidalar hansılardır ? - MÜTƏXƏSSİS AÇIQLADI

17 Fevral 2023 15:05 (UTC+04:00)

“Qan dövranının yaxşılaşması üçün fiziki aktivlik çox önəmlidir. Çünki fiziki aktivlik olmasa, qan dövranının sürəti aşağı düşür və gün ərzində hərəkətlilik az olduqda qan dövranının zəifləməsi ilə yanaşı, eyni zamanda damarlarda tromplaşma, tıxanıqlıq da əmələ gəlir. Bundan başqa qan dövranı ürək-damar sisteminə də təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, qida rejimimizə də diqqət etməliyik: “Əgər qan dövranı yaxşı olmasa, hər hansı bir kiçik dəyişiklik orqanizmin xəstələnməsi və maddələr mübadiləsinin sürətinin azalması, immun sistemi və ürəyin zəifləməsinə gətirib çıxarır.
Mütləq şəkildə qidalarımızda diqqət edəcəyimiz ilk şey çərəzlər olmalıdır. Bunlardan ən önəmlisi isə qozdur. Qozda olan antioksidantlar qan dövranını yaxşılaşdıran bir nömrəli maddələrdən hesab olunur.
Daha sonra qırmızı bibər qan dövranı üçün çox faydalıdır. Xüsusilə də “C” vitamini ilə zəngin olduğu üçün qan dövranının tez bir zamanda sürətlənməsini təmin edir.
İspanağın tərkibindəki maddələr qara ciyər və qanın toksinlərdən təmizlənməsinə səbəb olduğu üçün önəmlidir.
Mövsümündə olan xiyar da çox faydalıdır. Çünki tərkibində iltihabsökücü maddələr var ki, bunlar da qanın təmizlənməsinə kömək olur. Lifli qida olaraq da orqanizm üçün çox faydalıdır.
Vacib qidalardan biri də yulafdır. Yulaf əzməsi, sıyığı və ya yulafı salatlarda istifadə edərək, qan dövranımızı yaxşılaşdıra bilərik.
Eyni zamanda qara kişmiş, tünd şokolad, zəncəfil, sarımsaq, soğan da qan dövranının sürətlənməsini təmin edən qidalar sırasındadır”.