"1992-ci ilin fevralı Azərbaycan tarixində faciələrlə doludur. Hələ fevral ayının 10-12-də Şuşa rayonunun Yuxarı və Aşağı Quşçular, Malıbəyli kəndlərində bir tərəfdən 366-cı motoatıcı alay, digər tərəfdən də erməni silahlı qüvvələri 50-dən çox günahsız insanı soyqırıma məruz qoydular. Qeyd etmək lazımdır ki, o zaman bu ərazidə 4 mindən artıq azərbaycanlı yaşayırdı. Hətta Qərbi Azərbaycandan da buraya kifayət qədər soydaşlarımız köçmüşdü. Amma təəssüf ki, müdafiəyə malik ordu olmadığına görə ilk öncə həmin kəndlərdə soyqırım törədildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, bu hadisədən şirniklənən erməni hərbi birləşmələri yenə də 366-cı alayın gücündən istifadə edərək Xocavənd rayonunun Qaradağlı kəndi üzərinə hücuma keçdilər: "Fevral ayının 14-dən 17-nə qədər bu ərazidə bir tərəfdə əliyalın kənd əhalisi, digər tərəfdə isə hər cür silaha malik olan erməni hərbi birləşmələri üz-üzə dayandı. 4 günlük hücumdan sonra erməni silahlı birləşmələri Qaradağlı kəndinin 118 nəfərini əsir götürə bildi. Dövrün sənədlərindən məlum olur ki, onların içərisindən 101 nəfəri qətlə yetirilib. Qətlə yetirilən azərbaycanlılar silos anbarlarına doldurularaq üstü örtüldü. Bütün bunlar onu göstərir ki, düşmən nəyin bahasına olursa-olsun, qısa müddət ərzində Qarabağ ərazisini azərbaycanlılardan təmizləmək və bütün bu əraziyə sahib olmaq istəyirdilər".
Deputat sözlərinə davam edərək bildirib ki, fevral ayında başlanan bu soyqırımlar son nəticədə 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımına gətirib çıxarması da təsadüfi deyil: "O zaman hakimiyyət öz ərazisinə sahib çıxa, əhalisinin təhlükəsizliyini təmin edə bilmirdi. Hakimiyyət uğrunda mübarizə Azərbaycanda vahid qüvvə ətrafında birləşməyə imkan vermirdi. Təbii ki, ermənilər də bundan məharətlə istifadə edirdilər. 1992-ci il fevralın 14-17-də Qaradağlı kəndində baş verən faciə də hakimiyyətin zəifliyini, ordunun olmadığını göstərdi. Lakin bütün bu faciə qurbanlarının qanı yerdə qalmadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycan erməni silahlı birləşmələrini darmadağın etdi. Şəhidlərimizin ruhu şaddır. Bugünkü gündə Azərbaycan Qarabağda böyük quruculuq işləri ilə məşğuldur. Bu onu göstərir ki, düşmənin havadarları nə qədər çox olsa da, Azərbaycanın bütün xalqı dəmir yumruq kimi birləşdirən dövlət başçısı var".