“Ümumilikdə zəlzələnin baş verməsi və Türkiyənin xarici ölkələrlə münasibətlərinə təsiri iki müstəvidə təhlil edilə bilər. Burada obyektiv və subyektiv səbəblər var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Nazim Cəfərsoy danışıb.

Onun sözlərinə görə, obyektiv səbəb kimi onu demək olar ki, zəlzələ və buna bənzər təbii fəlakətlər bütün ölkələrin və xalqların başına gələcək bir tragediyadır: “Bu cür proseslərdə adətən dövlətlər bir-biri ilə həmrəy olmağa çalışırlar. Çünki bu gün Türkiyənin başına gələn hadisə hər bir dövlətin qisməti ola bilər. Türkiyəyə dəstək göstərənlərin əksəriyyəti bir gün mənim də başıma gələ bilər fikri ilə məsələyə yanaşıb, dəstək göstərdilər.
Subyektiv motiv ondan ibarətdir ki, bu cür təbii fəlakətlərin baş verməsi iki dövlət arasında olan pis münasibətlərin düzəlməsinə də xidmət edir. Ölkələr bu halı bir-biri ilə olan münasibətləri normalaşdırmaq üçün istifadə edirlər. Misal olaraq zəlzələ məsələsi ilə əlaqədar olaraq İsrail ilə Türkiyə arasında uzun sürən gərginlikdən sonra normallaşmaq və yumşalma prosesinə növbəti töhfəni verən bir addım oldu. Belə ki, İsrail Azərbaycandan sonra Türkiyəyə göndərilən yardım heyətlərinin sayına görə 2-ci yerdə oldu. Daha sonra bildiyiniz kimi uzun bir müddətdir ki, Yunanıstan-Türkiyə münasibətlərində gərginlik müşahidə edilir. Bu gərginlik hətta qarşılıqlı hərbi münaqişəyə qədər yüksələ bilərdi. Bu çərçivədə Yunanıstanda baş vermiş hadisə ilə bağlı Türkiyənin yanında oldu, proseslərdə aktiv iştirak edərək müraciətlər etdi. Yunanıstan bu addımı Türkiyə üçün 1999-cü ildə baş verən zəlzələdə də etmişdir. Çünki 1999-cu il zəlzələsindən əvvəl Yunanıstanın Kenya səfirliyində Türkiyədə terror aksiyaları həyata keçirən PKK lideri Yunanıstan pasportu ilə Kenya səfirliyində yaxalanmışdır. Bu Türkiyə-Yunanıstan münasibətlərinə ciddi şəkildə zərər vurmuşdur. Yunanıstan 1999-cu ilin avqust ayında baş verən zəlzələ zamanı Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün yardımlar etmişdir. Lakin təbii ki, Yunanıstanla Türkiyə arasında olan münasibətlərin yaxşılaşması üçün bu kimi addımlar bəs etmir.
Bu prosesdən fürsət kimi istifadə edən dövlətlərdən biri də Ermənistan oldu. Ermənistan Türkiyə ilə aralarında olan münasibətlərin normallaşması və yaxşılaşması üçün Adıyaman bölgəsinə öz xilasetmə heyətini göndərib. Atılan addımlar daxili ictimai rəydə müəyyən əngəlləri aşmaq kimi motivi də özündə normallaşdırdı”.