İnsanların sıx olduğu şəhərlərdə bəlkə də ən çox şikayət etdiyimiz məsələlərdən biri də nəqliyyatdakı problemlərdir. İşə, məktəbə, hətta sevdiklərimizlə görüşə getdiyimiz zaman belə itirdiyimiz vaxtdan daim şikayət edirik. Xüsusən də, tıxac səbəbindən bir yerə vaxtında çata bilməmək narahatlığını tez-tez hiss edirik. Çoxumuz hətta nəqliyyat sıxlığının qarşısını almaq üçün kiçik dənizkənarı şəhərlərdə yaşamağı xəyal edirik. Tıxac bizim həyat keyfiyyətimizə bir çox müxtəlif sahələrdə təsir göstərir. Bu problemlərdən daha az təsirlənmək üçün ictimai nəqliyyatdan istifadə etməliyik. Gəlin, ictimai nəqliyyatın faydalarına birlikdə nəzər salaq.
Şəhərdə tıxacın qarşısını alır
Tıxac probleminin ən mühüm səbəblərindən biri də nəqliyyat vasitələrinin həddindən artıq çox olmasıdır. Eyni istiqamətə gedəcəyimiz insanlarla ayrı-ayrı şəxsi nəqliyyat vasitələrini istifadə etmək əvəzinə tək bir ictimai nəqliyyat vasitəsini istifadə etmək, tıxaca səbəb olan avtomobillərin sayını azaldacaq. Bu, bizə təyinat yerinə daha tez və asan çatmağa imkan verəcək.
Səs-küyün qarşısını alır
Bəzi bayram tətillərində evdə istirahət edərkən çöldəki səssizliyi hiss edirik. İzdihamlı və hərəkətli küçələrin yanında eşidə bilmədiyimiz bu səssizlik şəhərdə nəqliyyat vasitələrinin sayı azalanda olur. Tıxac olanda nə qədər səs-küyə məruz qaldığımızı o zaman anlayırıq. Yəni, avtomobillərin sayı artdıqca şəhərdə səs-küy də yaranır. Bunu minimuma endirməyin yolu nəqliyyat vasitələrinin sayını azaltmaqla ictimai nəqliyyatdan istifadə etməkdir.
Həmçinin, atmosferə zəhərli qazlar buraxan nəqliyyat vasitələri hələ də geniş istifadə olunur. Təkcə bir avtomobilin buraxdığı qazın miqdarını düşünün. İctimai nəqliyyat bunun qarşısını almağa kömək edir.
Avtomobillərin buraxdığı zəhərli qazlar həm birbaşa tənəffüs yolu ilə, həm də ətraf mühitdə yaratdığı təsirlərlə dolayısı ilə insanların və bütün canlıların həyatına zərər verir. Aparılan araşdırmaya görə, tənəffüs orqanları xəstəliklərinin əksəriyyəti birbaşa havanın çirklənməsi ilə bağlıdır. Şəxsi avtomobillərimizin əvəzinə ictimai nəqliyyatdan istifadə nəqliyyat vasitələrinin sayını azaldacağı üçün çirkli qazı da azaldır. Bu yolla həm özümüzə, həm də digər canlılara zərər vermə ehtimalını minimuma endiririk. Bundan əlavə, hər küçə və prospektdə ictimai nəqliyyat olmadığı üçün dayanacaqlara qədər edəcəyimiz gəzintilər sağlamlığımız üçün etməli olduğumuz məşqlərdən birinə çevrilir.
Təhlükəsiz həyat təmin edir
Araşdırmalar göstərir ki, qəzaların əksəriyyəti şəxsi avtomobillərlə baş verir. Bu təsadüf deyil. İctimai nəqliyyat vasitələri planlı yol xəritəsini cızdığı üçün qəzaların baş vermə ehtimalını azaldır. Eyni zamanda, ictimai nəqliyyatda sürücü və sərnişinlərin təhlükəsizliyini təmin və nəzarət etmək daha asandır.
Bütün bunlarla yanaşı, ictimai nəqliyyatda olan problemlər də qaçılmazdır. Belə ki, bu barədə müxtəlif şikayətlər olur. Onlarda biri də 211 nömrəli marşrut xəttinin axşam saat 9-dan sonra fəaliyyət göstərməməsi ilə bağlıdır. Bu barədə SİA-nın sorğusuna cavab olaraq Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə və Bakubus MMC-nin hüquqi məsələlər üzrə sektor müdiri Rüstəm Cəfərov məlumat verib.
Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə: "211 nömrəli marşrut şəhər mərkəzi ilə Sədərək Ticarət Mərkəzini əlaqələndirilməsi üçün təşkil edilmişdir. Marşrutda mütəmadi olaraq 16 ədəd avtobus 9-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Ticarət mərkəzi saat 18:00-dan sonra bağlanması səbəbindən avtobuslar Ticarət Mərkəzinə daxil olmadan fəaliyyət göstərirlər.
Eyni zamanda, həmin istiqamət üzrə sərnişin axını az olduğu üçün marşrut saat 20:00 - 21:00-a qədər fəaliyyət göstərir".
Bakubus MMC-nin hüquqi məsələlər üzrə sektor müdiri Rüstəm Cəfərov: "211 müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar marşrut pasportuna uyğun olaraq sonuncu dayanacaqdan saat 20:00-da çıxır. 20:00-da sonuncu dayanacaqdan ayrılan sonuncu avtobus Gənclik metrostansiyası yaxınlığında yerləşən dayanacaqda saat 20:10-da olur".
Ayşən Vəli