"Artıq iki aydan artıqdır ki, Laçın-Xankəndi yolu üzərində azərbaycanlı ekofəalların etiraz aksiyası davam edir. Bu aksiya birmənalı şəkildə beynəlxalq hüquq normalarına əsaslanır, beynəlxalq konvensiyaların normalarını özündə əks etdirir. Eyni zamanda, bu etirazlar Azərbaycan xalqının milli maraqlarının ifadəsidir. Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların, gənc könüllülərin davam etdirdiyi aksiya haqlı tələblərə söykənir. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin keçirilməsi Azərbaycanın haqqıdır. Həmin ərazidə təbii sərvətlərimiz talan edilir. Keçirilən aksiyada da əsas tələb ondan ibarətdir ki, qeyri-qanuni istismar dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir".
Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Partiya sədrinin sözlərinə görə, bəzi erməni havadarları, o cümlədən "beynəlxalq" statuslu təşkilatlar bu aksiyaları "blokada" və ya fərqli müstəvidə təqdim etməyə çalışsalar da, bu mümkün olmadı. Hətta Fransanın timsalında erməni havadarları bu aksiya ilə bağlı məsələni BMT TŞ-ya çıxarmağa çalış salar da, qəti məğlubiyyətə uğradılar. "Məqsədli şəkildə bu aksiyaya qarşı qarayaxma kampaniyaları aparılır. Amma fakt ortadadır - bu etiraz aksiyası blokada deyil və sayıla da bilməz. Ötən iki aydan artıq zaman kəsiyində Xankəndinə gətirilən bütün humanitar yüklər ünvanına çatıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları yoldan istifadə edirlər. Eyni zamanda, Azərbaycan özünün köməyini də təklif edib. Bu ərazilər Azərbaycanın suveren əraziləridir və oradakı bütün proseslər də ölkəmizin qanunları əsasında tənzimlənməldir. Yeri gəlmişkən, ilin əvvəlində Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq bildirib ki, bizim məqsədimiz blokada deyil. Dövlət başçısı vurğulayıb ki, bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Bu bizim qanuni hüququmuzdur. Beynəlxalq sənədlər, beynəlxalq hüquq da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Erməni separatçılarının bu aksiya üzərindən şou düzəltmək istəkləri isə fiaskoya məhkumdur", - deyə Ə.Kazımova əlavə edib.