Türkiyədə prezident seçkiləri TƏXİRƏ SALINA BİLƏR? - POLİTOLOQ AÇIQLADI

15 Fevral 2023 18:16 (UTC+04:00)

“Türkiyədə bu il Prezident seçkilərinin keçiriləcəyi planlaşdırılırdı. Türkiyə konstitusiyasına görə Prezident seçkilərinin təxirə salınması yalnız müharibə baş verəcəyi halda təxirə salına bilər. Ona görə də sosial şəbəkədə, mətbuatda zəlzələ nəticələrini əsas götürərək ölkədə keçiriləcək seçkilərin ertələnməsi ilə bağlı fikirlərin səslənməsi düşünürəm ki, ciddi deyil. Zəlzələ baş verən ana qədər Türkiyədə Cümhur İttifaqı və Altılı İttifaqın əsas rəqib olacağı qeyd olunurdu. Hətta müxalif qüvvə olan Altılı İttifaqın bir çox üzvlərin də 6 fevral tarixində etiraf etdikləri günə qədər hazırki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nüfuzu kifayət qədər yüksək idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, seçkilər zamanı mövcud hakimiyyətin dəyişdiriləcəyi ehtimalı çox az idi: “Ona görə də Altılı İttifaq mümkün vasitələrdən istifadə etməklə tərəfdar sayını artırmağa çalışırdı. Təəssüf ki, fevralın 6-da Türkiyə tarixinin ən ağır təbii fəlakətlərindən biri ola Kahramanmaraş mərkəzli zəlzələ baş verdi. Bu zəlzələ nəticəsində çox sayda insan tələfatı, binaların dağılması mövcud hakimiyyətin imicinə mənfi təsir göstərməkdədir. Hesab edirəm ki, bu proseslər Türkiyədə seçkilərin nəticəsinə çox ciddi şəkildə təsir edəcək bir amilə çevrilir”.

Politoloq sözlərinə davam edərək bildirib ki, Rəcəb Tayyib Ərdoğan kifayət qədər praqmatik və radikal girişlər etmək qabiliyyətinə malik bir siyasətçidir: “Uzun illər ərzində siyasi proseslər və ictimai şüuru nəzarətdə saxlamaq qabiliyyətinə sahib olduğunu nümayiş etdirib. Mənə elə gəlir ki, bu qabiliyyətlər Rəcəb Tayyib Ərdoğanı indiki şəraitdə belə zəif rəqib olmadığını göstərir. Bu zəlzələ mövcud hakimiyyətin xalqa xidmətində, xüsusilə bir çox qanun tələblərinin icra edilməsində selektiv yanaşmaya yol vermə ilə bağlı iradlar səsləndirilməsinə imkan verib. Buna baxmayaraq AK Partiyası prosesləri yenə də idarə edərək rəqiblərinə qalib gələ biləcək və hakimiyyətini qoruyub saxlaya biləcəkdir. Düşünürəm ki, indiki halda Türkiyədə həm bölgəmiz, həm ölkəmiz, həm də Türkiyənin beynəlxalq nüfuzunun qorunub saxlanması baxımından Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin davamlılığının təmin olunması zəruridir. Bu, bir çox istiqamətlərdə bölgəmiz üçün də müsbət nəticələr doğuracaqdır. Cənubi Qafqazda əldə olunmuş kövrək sülh prosesinin davamlılığının əldə olunması, Ermənistanın kənar oyunçuların nəzarətindən çıxarılaraq bölgədə sərbəstlik əldə etməsində Ərdoğanın çox böyük rolu ola bilər. Eyni zamanda, Azərbaycanın möhkəmlənən mövqeyinin artmasında da Türkiyənin mövcud iqtidarının qorunub saxlanması mühüm əhəmiyyət kəsb edə bilər. Müasir dövrümüzdə dövlətlərarası münasibətlərdə şəxsiyyətlərin rolu kifayət qədərdir. Bu mənada Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlərin hazırki səviyyəsi də qardaş ölkədəki hakimiyyətin olduğu kimi qalmasının dövlətimizin maraqları baxımından da məqbul olduğunu söyləməyə imkan verir”.