Azərbaycan elmi elitasının görkəmli nümayəndəsi-ARİF PAŞAYEV TƏHLİL

15 Fevral 2023 17:47 (UTC+04:00)

Mehriban xanım Əliyeva: "Akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik idealıdır"

"Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhvali-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!". Bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan elmi elitasının sayılıb-seçilən nümayəndələrindən biri olan akademik Arif Paşayevin doğum günü ilə əlaqədar rəsmi instaqram səhifəsində etdiyi paylaşımda qeyd edib.
Görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, bir çox beynəlxalq akademiyaların üzvü, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin 15 fevral tarixi doğum günüdür. Böyük bir ömür yolu keçmiş ziyalının yaratdığı tərcümeyi-halı onun ömür yolunun salnaməsidir. 1934-cü ildə Bakıda ziyalı ailəsində anadan olan Arif Paşayevin həyat yoluna nəzər saldıqda görürük ki, onun keçdiyi yolun naxışı soxşaxəli fəaliyyətinə dərin izlər salıb. Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin ailəsində böyüyüb boya-başa çatan Arif Paşayevin mükəmməl təhsilində, bir zayalı kimi yetişməsində rolu böyükdür. Mir Cəlal Paşayev "Mənim ən gözəl əsərim ailəmdir", - deyərmiş. Ədibin bu fikirləri övladlarına verdiyi tərbiyənin düzgünlüyündən, onlara aşıladığı mənəvi keyfiyyətlərdən, cəmiyyət üçün nə qədər faydalı insanlar olacaqlarına inamından irəli gəlirdi. Əlbəttə ki, bu inam və diqqət onların vətənə gərəkli bir şəxsiyyət kimi yetişməsində mühüm rol oynamış oldu. Görkəmli yazıçının ocağına hər zaman dövrün tanınmış ziyalıların toplaşması övladlarının dünyagörüşünün formalaşmasına təsirsiz ötüşməmişdi.
Tərcümey-halına nəzər saldıqda görürük ki, Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirmiş, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxmışdır. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir.
Görkəmli alim 1960–1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Daima axtarışda olan, elmi nailiyyətləri ilə artıq tanınan alim 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır. O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır. Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olmuşdur.
Akademik Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və diplomlarla təltif olunmuşdur. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ-nin ixtiraçısı" medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. "VEKTOR" - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq layihəsinin qalibi olmuş və "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif edilmişdir.
Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 2004-cü il fevralın 15-də Vətənimizin daha bir yüksək mükafatına - "Şöhrət ordeni"nə layiq görülmüşdür.
Akademik Arif Paşayevin rəhbərliyi altında 10-larla aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir. O, eyni zamanda iki doktorluq dissertasiyasının məsləhətçisi, Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmişdir. Arif Paşayev 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" laboratoriyasına rəhbərlik etmişdir. Bu müddət ərzində o, böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirmiş, Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak etmişdir.
1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Akademik Arif Paşayevin həyatının böyük bir dövrü milli aviasiyanın təşəkkülü və inkişafı ilə bağlıdır. O, Milli Aviasiya Akademiyasına uğurla rəhbərlik edir.
Görkəmli akademik geniş elmi-praktiki, elmi-təşkilati, pedaqoji fəaliyyəti ilə yanaşı, Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafına gərgin əmək sərf edən, gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyəsini daim diqqətdə saxlayan qayğıkeş rəhbərdir. Müasirlərindən biri onun haqqında belə deyir: "Onun başqalarının uğurlarına sevinmə qabiliyyəti, qayğılarına şərik olma xüsusiyyəti göz qabağındadır. Arif Paşayevin çoxillik həyat təcrübəsi və cəmiyyətdə baş verən proseslərə məsuliyyətli münasibəti ziyalılıq üçün bir nümunədir". Onun rəhbərlik etdiyi təhsil ocağında tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib, bir sıra kafedralar açılıb, yeni ixtisasların tədrisinə başlanılıb. Mülki aviasiyanı bütün istiqamətlər üzrə beynəlxalq tələblərə cavab verən milli kadrlarla təmin etməkdə Akademiya misilsiz rol oynayır. Onun rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilmişdir. Milli Aviasiya Akademiyasında rektor vəzifəsinə təyin edildiyi vaxtdan burada "İqtisadiyyat və hüquq", "Avianəqliyyat istehsalatı", "İxtisasartırma" kimi kafedra və yeni ixtisaslar açılmışdır. Burada ilk dəfə Azərbaycan dilində təhsilin aparılmasına başlanmışdır. Akademiyanın ərazisində yeni tədris korpusu, müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehmanxana və s. binalar inşa edilmişdir.
Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzərət sistemlərinin yaradılmasına və s. yönəldilmişdir. Onun rəhbərliyi altında Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir.
Bütün bu və ya digər elmi fəaliyyəti, nailiyyətləri ilə yanaşı Arif Paşayev yüksək vətəndaşlıq mövqeyi ilə də seçilmiş, insani keyfiyyətləri ilə böyük sevgi qazanmışdır. Zəngin ömür yaşayan ziyalı rektor, pedaqoq və alim kimi öz imzasını atıb. Bütün bunlarla yanaşı, Azərbaycan ictimai-siyasi həyatında sözü. rolu və fəaliyyəti olan ziyalılar da yetişdirib. O, bir ailə başçısı kimi, şəcərədən süzülüb gələn dəyərləri ailəsinə əxs edib. Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva.
"Atam akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik idealıdır. Onun elm və təhsil sahəsindəki nailiyyətləri haqqında çox yazılıb", - deyə Mehriban Əliyeva bildirib: "Atamın insani keyfiyyətləri – onun tükənməz nikbinliyi, başqalarının dərdinə şərik olmaq, onları dəstəkləmək, hamı ilə dil tapmaq xüsusiyyəti, öz müsbət enerjisini ətrafındakı bütün insanlarla bölüşmək istedadı, müdrikliyi və sonsuz xeyirxahlığı mənim həyat amalımdır. O, uzun illərdir ki, Milli Aviasiya Akademiyasına rəhbərlik edir. Tələbələrlə rektor arasında qarşılıqlı hörmət, isti yoldaşlıq münasibətləri atamın yüksək şəxsi və peşəkar keyfiyyətlərinə daha bir sübutdur".

Nəzakət ƏLƏDDİNQIZI