"Bu, bütün Azərbaycan vətəndaşlarının məsələsidir" - SƏDR AÇIQLADI

15 Fevral 2023 16:11 (UTC+04:00)

"Bildiyiniz kimi, dekabrın 24-də cənab Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə birgə görüşü oldu. Bu görüşdə cənab Prezident Qərbi Azərbaycan İcmasının qarşısında bir sıra vəzifələr qoydu. Bunlardan birincisi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması idi. Ötən günlərdə artıq konsepsiyamız qəbul olundu". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

O bildirib ki, bu məsələ təkcə Qərbi Azərbaycanlıların deyil, 60 milyonluq Azərbaycan xalqının məsələsidir: "Ona görə də Azərbaycanda mövcud olan bütün qurumlar, təşkilatlar bu məsələyə öz töhfəsini verməlidir. Bu, hər birimizi düşündürən ümummilli məsələdir. Son 200 ildə ermənilər tərəfindən soydaşlarımız mərhələ-mərhələ öz tarixi torpaqlarından qovulub, etnik təmizləmələrə, soyqırımlara, deportasiyalara məruz qalıblar. Əcdadlarımızın min illər boyu həmin ərazilərdə yaratmış olduğu mədəni irsimiz ermənilər tərəfindən məhv edilib. Qərbi Azərbaycan İcması olaraq bizim mövqeyimiz soydaşlarımızın öz tarixi torpaqlarına qayıtması yönündədir".

Sədr sözlərinə davam edərək qeyd edib ki, şübhəsiz ki, bu məsələdə Azərbaycanla bağlı fəaliyyət göstərən xaricdəki bütün qurumlar öz dəstəyini göstərməlidir: "Eyni zamanda, vətəndaş cəmiyyətinin üzərinə çox böyük vəzifə düşür. Bugün Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə keçirəcəyimiz bu görüşdə əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edəcək və gələcəkdə bu istiqamətdə atacağımız addımlarla bağlı qərarlar qəbul edəcəyik".